Bu hadisələrin səbəbi heç də siyasi mövqelərin toqquşması deyil, sadəcə olaraq, Qarabağ klanının Ermənistan erməniləri ilə toqquşmasıdır. Baş verən hadisələr də tam şəkildə bunu göstərir.
Qaziler.az xəbər verir ki, bu sözləri XİN-in keçmiş rəhbəri, politoloq Tofiq Zülfüqarov İrəvanda baş verən prosesləri şərh edərkən Musavat.com-a geniş müsahibəsində deyib. O bildirib ki, qüvvələrin ciddi şəkildə toqquşmasını istisna etmir:“Çünki gec və ya tez bu hadisələrə həm hüquq-mühafizə orqanları, həm də ordu müdaxilə edəcək. Biz başa düşürük ki, 10 ilin ərzində Sərksiyan və Qarabağ klanı hər bir qurumda öz adamlarını yerləşdirib, onlar asanlıqla hakimiyyətdən gedən deyillər.
Ordu dövlətin bir institutu, təşkilatıdır və çox şey ondan asılıdır ki, bu qurumların başında hansı klanın nümayəndəsi durur. Təbii ki, Qarabağ klanının nümayəndələri hər bir imkandan istifadə edəcəklər. İkincisi, əvvəl deyilən kimi, Ermənistanda bəzi qüvvələr göstərmək istəyirdilər ki, ruspərəst və qərbpərəst siyasətçilərin arasında toqquşma var. Amma verilən bəyanatlar onu göstərir ki, yox, siyasi əsaslar yoxdur. Sadəcə, hakimiyyəti ələ keçirmək, imkanları bir əldə cəmləşdirmək cəhdləri mövcuddur”.
T.Zülfüqarov bildirib ki, müxalifət Ermənistanın siyasi, iqtisadi və ziyalı təbəqələrini birləşdirən, Qarabağ klanına qarşı çıxan qüvvələrdir. Onların qarşında həm oliqarxlar, həm ziyalılar var:
“Oliqarxlar nəyə görə? Biz hadisələrin gedişində görmüşük ki, hüquq-mühafizə orqanlarının ələ alınması cəhdləri mövcuddur. Hətta bunun üçün pul təklif olunurdu. Birinci müxalifətin tərəfinə keçənə 10 min dollar vəd edilib, bilmirəm verilib, ya yox. Digərlərinə min dollar. Yəni bu hadisələrin arxasında hansısa maliyyə imkanlarına malik olan dairələr də dayanır”.
Politoloqun sözlərinə görə, Qərbin Ermənistanda o qədər də böyük marağı yoxdur, həmçinin Rusiya da bu ölkədən çəkilmək istəyir. Çünki artıq Ermənistan Rusiya üçün həm siyasi, həm iqtisadi baxımdan mənasız bir yükə çevrilib:
“Biz görürük ki, Rusiya real heç bir addım atmır. Birincisi, çox asanlıqla Sərkisyanın istefası qəbul olundu. İkincisi, Qərbin və Rusiyanın bu hadisələrə aid bəyanatları heç də fərqlənmir. Həm Rusiyanın, həm də ABŞ-ın Ermənistandakı səfirlikləri eyni məzmunlu bəyanat verdilər. Bu baxımdan hesab edirəm ki, bu böhran daha da dərinləşəcək. Bir daha xüsusi vurğulayıram ki, bu böhran Ermənistanın uzun müddət regionda həyata keçirdiyi siyasətin nəticəsidir. Yəni öz qonşuları ilə konfliktləri olan bir ölkədir. İndi görünən budur ki, onun uzun müddət digər ölkələrə satdığı siyasət indi heç kəsə lazım deyil”.
T.Zülfüqarov Azərbaycanın bu hadisələri diqqətlə izləyib, həm real sülh danışıqlarına, həm də hərbi əməliyyatların bərpasına hazır olmalı olduğunu deyib:
“Amma indiki mərhələdə biz ermənilərin yeni səhvlər buraxmasına mane olmamalıyıq. Onlar günü-gündən daha artıq səhvlərə yol verirlər. Elə Paşinyanın baş nazir seçilməməsi Ermənistanın sabitliyi üçün yanlış olan bir addım idi. Bu, böhranın daha da dərinləşməsinə imkan yaradır. Azərbaycana gəldikdə, gəlin mane olmayaq, imkan verək onlar səhvlərini daha da çoxaltsınlar və bu səhvlərin ümumi çəkisi daha da artsın”.