Paşinyan tərəfdarlarını yenidən küçələrə çıxmağa çağırıb
Ermənistanda müxalifət lideri, etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyan tərəfdarlarını bu gün İrəvan küçələrində nümayişlər keçirməyə çağırıb.Real TV xəbər verir ki, Paşinyan bu barədə Facebook səhifəsində bəyan edib.
“Bütün tərəfarlarımıza çağırış edirəm ki, sabah 12:00-da paytaxtdakı yolları bağlasınlar, maşınların hərəkətini iflic etsinlər” - , deyə müxalifət lideri qeyd edib.
O bəyan edib ki, ölkədə hökm sürən daxili siyasi böhranın həllinə çox az vaxt qalıb.
Bu çağırışdan sonra müxalifət tərəfdarları İrəvanda Respublika meydanına gedən yolu bağlayıblar. Yüzlərlə müxalifətçi piyada keçidlərində duraraq avtomobillərin yolunu bağlayırlar. Bundan əlavə meydanının ətrafındakı mərkəzi küçələr bağlanıb.
“Biz sübut etməliyik ki, hərəkatımız ayaqları üzərində möhkəm dayanıb. 19:00-da Respublika meydanında mitinq keçiriləcəyini bəyan edirəm”, - Paşinyan qeyd edib.
Ermənistanda aprelin 13-dən müxalifət tərəfdarlarının kütləvi etiraz aksiyaları başlayıb. 11 gün davam edən nümayişlərdən sonra baş nazir Serj Sarkisyan vəzifəsindən istefa verdi. Yeni baş nazir isə may ayının 1-də seçiləcək.



