Xəbər verildiyi kimi, dünən Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan əhalinin etirazı nəticəsində geri çəkilməli oldu və baş nazir vəzifəsindən istefa verdi.
Maraqlıdır ki, İrəvanda olub-bitənlər hələ ki, Moskvada sakitliklə izlənilir. Rusiya dövlət adamları baş verən hadisələrə olduqca ehtiyatla qiymət verirlər.Həm Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, həm də Dövlət Dumasının spikeri Vyaçeslav Volodin baş verənlərin Ermənistanın daxili işi olduğunu söyləməklə kifayətlənib.
Dövlət Dumasının MDB üzrə komitəsinin sədr müavini, qatı ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulin “Kommersant” verdiyi müsahibədə Serj Sərkisyanın istefasına təəssüf etdiyini bildirib. O, “bundan sonra Ermənistanın qeyri-müəyyənliyə qədəm qoyduğunu və bunun nə qədər davam edəcəyinin bilnmədiyini” söyləyib.
Ən maraqlı rəy Rusiyanın millətçi Liberal-Demokrat Partiyasından gəlib.
Dövlət Dumasının vitse-spikeri, Vladimir Jirinovskinin oğlu İqor Lebedev öz tvitter hesabında bunları yazıb:
“Erməni xalqı artıq bezib. Heç kim eyni adamın on illər boyunca hakimiyyətdə qalmasını istəmir. Hakimiyyətlərin və partiyaların bir-birini əvəzləməsi labüddür”.
Jirinovskinin və onu partiyasının Rusiyada hakimiyyətdə 18 ildir qalan Vladimir Putini necə müdafiə etdiyi nəzər alınsa, bu mesajın onun oğlunun dilindən səslənməsi olduqca qəribə hesab edilməlidir.
Ümumi qənaət Sərkisyanın istefasının Ermənistanın Rusiya ilə qarşılıqlı münasibətlərdə radikal dəyişikliyə gətirib çıxarmayacağıdır. Çünki məhz Rusiya Ermənistanın ən böyük kredit verəni, ticarət partnyoru, ən əsası da siyasi hamisi sayılır.
Ermənistan Avrasiya İqtisadi İttifaqına 2015-ci ilin yanvarında daxil olub. Hazırkı dövrdə, 2017-ci ilin yekunlarına əsasən, Ermənistanın İttifaq daxilindəki payı cəmi 1%-dir. (Burada ən böyük pay Rusiyaya aiddir-63,4%).
Ermənistan bu vaxta qədər ittifaq ölkələrinə 555,2 milyon dollarlıq mal ixrac edib. Əsas ixrac malı isə sərt spirtli içkilər sayılır. Demək olar ki bütün erməni konyakı Rusiya tərəfindən alınır. (177,1 milyon dollarlıq). Ermənistan özü isə Avrasiya İttifaqı ölkələrindən 2,242 milyard dollarlıq mal idxal edib. Bu ümumi idxalın sadəcə dörddə birinə bərabərdir.
Ermənistan Avrasiya İttifaqı xaricində əsasən mineral məhsullar, o cümlədən metal və metal emalı malları ixrac edir.
Bu səbəbdən Serj Sərkisyan dönəmində Avrasiya İttifaqı ilə bərabər Avropa Birliyi ilə də “Tam həcmli və genişləndilimiş əməkdaşlıq” haqqında əməkdaşlıq sazişi imzlayıb.
Ermənistanı Rusiyadan asılı edən iqtisadi səbəblərdən bir də kütləvi işsizlikdir.
Buna görə də ölkə vətəndaşlarının bir çoxu ölkəni tərk edib xaricə üz tutmalı olub.
Təkcə bu ilin birinci rübündə 125,9 min Ermənistan vətəndaşı Rusiyanın Miqraisya xidmətində qeydiyyatdan keçib. Keçən il 657 ,6 min erməni vətəndaşı Rusiyaya gəlib. Onlardan 232,2 mini rəsmi olaraq işləməyə gedib.
Rusiyanın Xarici və müdafiə siyasəti üzrə Şurasının sədri Fyodor Lukyanov gazeta.ru-ya verdiyi müsahibədə Serj Sərksiyanın gedişindən sonra iki ölkə arasında əsaslı dəyişiklik gözləmədəyini söyləyib. “Özü də iş təkcə iqtisadiyyatda yox, Rusiyanın Ermənistanın mövcudluğunun yeganə təminatı olmasındadır”.
“Ermənistan hara gedə bilər ki... Məsələ yalnız Avrasiya İttifaqı ilə bağlı deyil. Burada əsas məsələ təhlükəsizliyin qorunmasıdır. Onu da yalnız Rusiya təmin edir. Çünki Ermənistan hər iki istiqamətdən, yəni Türkiyə və Azərbaycan tərəfindən əhatələnib. Üstəlik, Dağlıq Qarabağda situasiya olduqca gərgindir. Ölkənin bütün təhlükəsizliyi birbaşa Rusiyadan asılıdır. Ermənistanda isə gözəl başa düşürlər ki, bir şey baş versə, nə Avropa Birliyi, nə də NATO onların dadına çatan deyil”, -Lukyanov bildirib.
“Alor Broker” şirkətinin analitiki Aleksey Antonov isə EmrənistadaAvrasiya İttfiaqına rəğbət göstərənlərin 67%-dən 40-46%-ə düşdüyünə diqqət çəkib.
Əgər müxalifət hakimiyyəti ələ alsa o zaman Avraisya İttifaqından çıxmaq barədə qərar onlara əlavə xal verə bilər”, - ekspert qeyd edib.
Antonovun fikrincə, bu qərar Ermənistana mənfi nəticədən başqa heç nə doğurmayacaq.
“Özü də əhalinin müaxlifətin iqtisadiyyatı düzəldəcəyinə ümidi azdır. Əgər Ermənistan iqttisadiyyatını böyütmək, və ixracat potensialını genişləndirmək istəyirsə o zaman Avrasiya İttifaqından çıxmağa tələsməməlidir”, - ekspert bildirib.