Çavuşoğlu: “Əsəd getməyənə qədər Afrin təhvil verilməyəcək”
Türkiyə Suriyanın Afrin bölgəsini ölkə rəhbərliyinə qaytarmayacaq.Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazirin sözlərinə görə, Türkiyə Suriyada xalqın təhlükəsizliyi təmin edilməyənə və Bəşər Əsəd hakimiyyətdən əl çəkməyənə qədər Afrinİ təhvil verməyəcək.
“Bəşər Əsəd gərək hakimiyyətdən əl çəksin. Suriyada siyasi böhrana son qoyulmalıdır. Biz Suriya ərazisini zəbt etməmişik. Lakin Afrin bölgəsi Əsəd rejiminə təhvil verilməyəcək. Bu gün rejimlə YPG terror təşkilatı arasında mübarizə gedir. Sabah isə onlar arasında sülh yarana bilər. Buna görə də, torpağı qaytarmaq olmaz. Düzdür, Afrin Suriya ərazisidir. Lakin bizim bu torpaqla bağlı narahatçılığımız var. Bu narahatçılıq Türkiyənin təhlükəsizliyi baxımından yaranıb”, - deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalif "Azad Suriya ordusu" ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb.
Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.
Əməliyyata ilk öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrlə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.
Martın 18-də Afrin şəhəri terrorçulardan təmizlənib. Əməliyyat zamanı 4000-dən çox terrorçu öldürülüb. Əməliyyat zamanı Türkiyə ordusu 49 şəhid verib.