Yakovenko: "Bizimlə əməkdaşlıq etməkdən boyun qaçırırlar"
Rusiyanın Böyük Britaniyadakı səfiri Aleksandr Yakovenko NTV telekanalında yayımlanan “İtoqi nedeli” verilişində “Skripal işi”ni təxribat adlandırıb.
Real TV xəbər verir ki, səfir bu təxribatın Böyük Britaniyanın xüsusi xidmət orqanları tərəfindən hazırlandığını bəyan edib.
“Bizimlə əməkdaşlıq etməkdən boyun qaçırırlar, bizə heç bir fakt göstərmirlər. Bu isə bir daha onu göstərir ki, zəhərlənmə Britaniya xüsusi xidmət orqanlarının işidir”, - deyə Aleksandr Yakovenko bildirib.
Martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib.
Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılıblar. Martın 12-də baş nazir Tereza Mey parlamentdəki çıxışında hadisə ilə bağlı aparılan ilkin təhqiqata dair məlumatlar verib. O bildirib ki, S. Skripal və qızına qarşı SSRİ-də hazırlanmış və Rusiyanın sərəncamında olan “Noviçok” adlı kimyəvi silah tətbiq edilib.