ABŞ Prezidenti Barak Obama İrana qarşı ərəb ölkələrinin birləşdiyini deyib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında yayımlanan “Şərq-ül Avsat” qəzetinin suallarını cavablandıran Ağ Ev rəhbəri Tehranın bölgədə yürütdüyü siyasəti sərt tənqid edərək islam ölkəsini terrora dəstək verməkdə günahlandırıb:“Körfəz ölkələri ilə toplantılarımız Yaxın Şərqin sabitliyini təhlükə qarşısında qoyan İrana qarşı mübarizə aparmaq üçün bir fürsətdir. İran Yaxın Şərqdə sabitliyə təhlükə olmaqla yanaşı terror qruplarını da fəal şəkildə dəstəkləyir. İran terroru dəstəkləyən bir ölkədir. Suriyada Əsəd rejimini, Livanda Hizbullahı, Qəzzada HƏMAS-ı, Yəməndə üsyançı Husiləri dəstəkləyir. Bu səbəbdən bölgə ölkələri İranın fəaliyyətindən haqlı olaraq narahatdır”.
Daha sonra İŞİD-lə mübarizədən danışan ABŞ prezidenti müxaliflərə verilən dəstəyin davam etdiriləcəyini deyib:
“İraqda köhnə hökumət plüralist bir sistem tətbiq edə bilmədi. Nəticədə İraq ordusu İŞİD-in qarşısını ala bilmədi və ya almaq istəmədi. Bu da problemin yalnız hərbi deyil, eyni zamanda siyasi olduğunu da göstərir. Ərəb müttəfiqlərimiz ilə birlikdə keçirdiyimiz əməliyyatlar nəticəsində İŞİD-in irəliləməsinin qarşısı alındı. Yerli qüvvələri təlimlər keçərək hazırlamaqla məşğuluq. Eyni zamanda İraq xalqına da humanitar yardım edirik”.
Obama İŞİD-ə qarşı mübarizənin uzun müddət davam edəcəyini, lakin sonda qalib gələcəklərini bildirib.