Rusiyada mafiyanın başına onu gətirdilər - Qazzayevin dostu, qəddar qanqster

Rusiyada mafiyanın başına onu gətirdilər - Qazzayevin dostu, qəddar qanqster backend

Rusiya kriminal aləmi Zaxari Kalaşovun yerinə kimin gətirələcəyi ilə bağlı müzakirələr bitib. Rusiya KİV-nin xəbərinə görə, “qanuni oğru”lar “nömrə 1” statusunu Oleq Şişkanova həvalə edilməsinə razılaşıblar.

Musavat. com xəbər verir ki, Oleq Şişkanov 1964-cü ilinin 19 iyulunda Remelskidə anadan olub. Kriminal aləmdə “Şişkan” və ya “Şişkan Remelski” ləqəbi ilə tanınır.

1980-cı ildə “Şişkan” qətlə görə həbs edilib və onu Mordoviyada ən ağır şəraitli cəzaçəkmə müəssisəsinə göndəriblər. Burada o, “Jequn” ləqəbli avtoritet Vyaçeslav Jequnovla tanış olub. “Jequn”un diqqət mərkəzinə düşən “Şişkan” acımasız qanqster roluna çox uyğun gəlirdi. “Şişkan”ın cinayət aləminə yolu da bu tanışlıqdan başlayıb. “Jequn” azadlığa çıxdıqdan sonra “Şişkan”ın “qanuni oğru”adı alması üçün hazırlıqlara başlayıb.

1992-ci ildə “Şişkan” azadlığa buraxılır. O, azadlığa buraxıldıqdan dərhal sonra kriminal aləmin “generallarından” sayılan “Şakro Molodoy”, “Şakro Qoca” və “Qlobus” ləqəbli “qanuni oğru”lar onu himayəyə götürüb və “qanuni oğru” adı verib. Taclandırma mərasimində ona Oleq Remenski ləqəbi verilib, amma kriminal aləm onu əbədi olaraq “Şişkan” adlandırıb.

Tezliklə “Şişkan” başına topladığı qanqster dəstələrin köməyi ilə Remenskidə, Jukovskidə və Moskvada bir sıra gəlirli müəssisələri nəzarətinə alıb. O vaxtın milis məlumatlarında “Remenski bandit qruplaşması” kimi tanınan dəstə sahibkarları himayə etmələri sayəsində tezliklə milyonlara sahiblənə biliblər. Onların yolunda duranları isə sındırıb, incidib və ya aradan götürüblər. Məsələn, "Lyuberetski” adlanan dəstə ilə uzun müddət savaşan “Şişkan” ordusu, nəhayət, onları darmadığın edib, liderlərini gülləyib. Hələ 1999-cu ildə “Şuşkan”ın dəstəsinə aid kotteclərin birindən milis 1, 3 milyon dollar və 3 milyon rubl ələ keçirmişdi ki, bu da o vaxt çox böyük məbləğ sayılırdı.

Amma günlərin birində qanqster dəstəsinin başçısı “Şişkan” cinayət aləminin kölgəsindən çıxmağa və özünü ictimai fiqur kimi sınamağa başlayır. O, özünü ictimaiyyətə tanıtmaq üçün... Rusiyada populyar olan futbolu seçir. Yerli “Saturn” klubunun sponsoru olan Şişkan buradan Rusiyanın futbol krallarına yaxınlaşmağa başlayır. Onu sayəsində “Saturn” 1998-ci ildə güclülər dəstəsinə vəsiqə qazanır. Klubun sponsoru olmaq sayəsində o, Rusiya futbolunun tanınmış simaları - Valeri Qazzayev, Yuri Syomin və Rusiya millisinə müəyyən dövr rəhbərlik etmiş Fabio Kapella ilə yaxınlaşır.

Kriminal aləm “qanuni oğru”nun publik şəxsə çevrilməsinə və leqal biznes qurmasına öz narazılığını bildirməyə başlayır. Onun ikinci dəfə həbsə düşməməsi də onunla bağlı “musora çevrilməsi” ilə bağlı söz-söhbətlərə səbəb olur. “Oğru obşak”larında “Şişkan türmənin əsl oğrular üçün olduğunu unudub” kimi söz-söhbətlər yayılmağa başlayıb.

Bu ərəfədə isə onu həqiqətən də yenidən həbs etməyə cəhd edirlər. Belə ki, “Şişkan”ı Remenskinin yerli deputatı Tatyana Sidorovanın və onun ailə üzvlərinin qətlində şübhəli bilirlər ki, bu da təsadüfi deyildi. Çünki “Şişkan” uzun illər Tatya Sidorovanın ailəsinin biznes şəriki olmuşdu. Amma istintaq “Şişkan”ın bu qətllərdə əli olmasını sübut edə bilməyib.

Ded Xasanın qətlindən sonra iki yerə bölünən slavyan qruplaşması yalnız Şişkanın əsas dəstəkçisi olan Zaxari Kalaşov (Şakro Molodoy) İspaniya həbsxanasından buraxıldıqdan sonra toparlanmağa başlayır.

Kalaşovun 2016-ci ilin yayında həbs edilməsi isə slavyan qruplaşmasını yeni seçim qarşısına qoyub. Belə görünür ki, “Şişkan”ın namizədliyi bu gün hökm oxunacaq Şakro Molodoyla razılaşdırılıb. Çünki “Şişkan”ın rəhbərlik edəcəyi slavyan qruplaşmasının maliyyə məsələlərinə (obşaka) Piçuqa ləqəbli Vasili Xristoforov nəzarət edəcək. Regionlarda isə bu işə “Meliya” ləqəbi ilə tanına Merab Qoqiya nəzarət edəcək.

“Şakro Molodoy” 2015-ci ilin dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən atışmaya görə həbs edilib. Hadisə “Elements” restoranının sahibəsi Janna Kimlə azərbaycanlı olduğu deyilən dizayner Fatimə Misikova arasındakı borca görə baş verib. Belə ki, Janna Fatiməyə “Elements” restoranın yenidən dizayn edilməsini sifariş verib. Amma görülən iş onu qane etməyib. Görülən işə görə 600 min avro ödəyən biznesmen xanım azərbaycanlı dizaynerlə əlaqələrini kəsib. Misikova isə öz növbəsində çoxdan tanıdığı “Şakro”ya müraciət edərək restoran sahibəsinin 9 milyon rubl borclu qaldığını iddia edib. Janna Kimin restoranına Andrey Koçuykovun silahlı adamları gələrək qarşı tərəflə “razborka”ya çıxıb. Keçmiş OMON-çulardan ibarət restoranın mühafizə xidməti işə qarışdıqda baş vermiş mübahisə atışma ilə nəticələnib. Hadisə nəticəsində iki nəfər ölüb, 8 nəfər isə yaralanıb. Hadisəyə görə tutulan “İtaliyalı” ləqəbli Andrey Koçuykov həbs edilib. “Şakro” onun azadlığı üçün istintaqçılara 5 milyon dollar rüşvət verməyə razılaşıb. Amma onların sövdələşməsi baş tutmayıb. 2016-cı ilin iyulunda həbs edilən “Şakro Molodoy” və dəstəsinin işi üzrə məhkəmə sabah - martın 27-də yekunlaşır. Prokuror məhkəmədən “Şakro Molodoy”a 10 il həbs cəzası istəyib. Bu cinayət işində adı keçən 13 nəfərə də 7, 8, 9 il olmaqla müxtəlif cəzalar verilməsi istənilib.
Diaspora