Bu görüşdə Suriyanın gələcək quruluşu müzakirə olunacaq.
Bu sözləri Axar.az-a Türkiyə, Rusiya və İran prezidentlərinin gözlənilən üçtərəfli görüşünü şərh edən politoloq Elxan Şahinoğlu deyib.“Astana sammiti davam edir, əsas məqsəd beynəlxalq terrorçulara qarşı mübarizədə Suriyada hakimiyyətlə silahlı müxalifət arasında razılaşmanın əldə olunması idi. Bu razılaşma da pis-yaxşı işləyir. Türkiyənin Suriyada terroçulara qarşı keçirdiyi əməliyyatlar uğurla davam edir. Ankara bəzən Tehrandan tənqidlər eşitsə də, İran və Rusiya Türkiyənin Suriyadakı əməliyyatlarına mane olmurlar. Əgər yaxın müddətdə liderlərin danışıqları baş tutsa, görüşdə daha çox Suriyanın ərazi bütövlüyü məsələsi və gələcək quruluşu gündəmdə olacaq”, - siyasi şərhçi bildirib.
Politoloq Türkiyə, Rusiya və İran prezidentlərinin görüşündə müzakirə ediləcək ikinci mövzuya da toxunub:
“Düzdür, Rusiya və İran Suriyanın ərazi bütövlüyünü və beynəlxalq terrora qarşı mübarizəni dəstəkləyir. Ancaq İran Suriya ərazisindən istifadə edərək Hizbullah vasitəsilə İsrailə bəzən zərbələr endirir. Bu da Moskvanın maraqlarına cavab vermir. Rusiya İsraillə münasibətləri gərginləşdirmək istəmir. Bu məsələdə Tehranla Moskvanın maraqları toqquşur. Ona görə də Rusiya və İran rəsmiləri arasında baş tutacaq danışıqlarda bu məsələ ön planda olacaq. Çünki əsas Suriya məsələsini həll etməkdir, İsraili isə qıcıqlandırmaz olmaz”.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putinin apreldə Türkiyədə bir araya gələcəyi gözləyir.



