Azərbaycanın Ukraynadakı səfirliyi və diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, konfransda səfir Azər Xudiyev, Polşa və Bolqarıstanın icma rəhbərləri, Lvov vilayətinin tanınmış ictimai xadimləri, diaspor fəalları iştirak ediblər.Tədbirə qatılanlar ilk öncə Xocalı soyqrımı abidə maketinin qarşısında faciə qurbanlarının xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Xocalıya ədalət!” sənədli filmi nümayiş etdirilib.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində uşaqlara, qadınlara və yaşlı insanlara qarşı həyata keçirdikləri işgəncə və qəddarlıqlardan danışan səfir çıxışında bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayır.
Səfir vurğulayıb ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur:
“Xocalı soyqırımının iştirakçıları, o cümlədən Ermənistanın hazırki prezidenti Serj Sarkisyan beynəlxalq qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır. Çünki cinayət cəzasız qalanda yeni faciələr, soyqırımlar yaranır”.
Sonra tədbirdə çıxış edən Ukraynada azərbaycanlı iş adamı Qorxmaz Paşayev, Ukraynanın sabiq yanacaq və energetika nazirinin müavini Burzu Əliyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayəti üzrə sədri Teymur Məmmədov, Ukraynanın əməkdar həkimi Cəvahir Cəfərova, Polşa icmasının rəhbəri Duris Stanislav, Bolqarıstan icmasının rəhbəri Svetlana Çanka, Ukraynanın xalq artisti Oleq Kulçiskiy və digərləri Xocalı şəhərində baş verən qəddarlıq aktında əli olan şəxslərin və indiki Ermənistan hakimiyyətinin beynəlxalq məhkəmə qarşısında ən ağır cəzaya məhkum olunmasının vacibliyindən söz açıblar.
Konfrans Lvov vilayətinin telekanalları, informasiya agentlikləri və qəzetlərində geniş işıqlandırılıb.