ABŞ-ın Dövlət katibi Con Kerri Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşündən sonra Suriya böhranı ilə bağlı verilən sualları cavablandırıb.
Axar.az xəbər verir ki, 2 illik fasilədən sonra Rusiyanın Soçi şəhərində Lavrovla görüşən Vaşinqton rəsmisi Əsəd hakimiyyəti devrilməyincə, Suriyada sülhün bərqərar olmayacağını deyib.Kreml rəhbəri Vladimir Putin və həmkarı Sergey Lavrovla əsasən Suriya mövzusunu müzakirə etdiklərini deyən 72 yaşlı siyasətçi Bəşər Əsəd iqtidarının siyasi yolla dəyişilməsinin vacib olduğunu bildirib.
Görüşün maraqlı tərəfi isə Moskvanın Suriya məsələsində yumşaldığının sezilməsi olub. Mətbuat nümayəndələrinə açıqlama verən Lavrov Kerrinin bu fikirləri ilə razı olduğunu, Əsəd hakimiyyətinin yalnız zidd düşən tərəflərin razılığı ilə dəyişdirilməsinin mümkün olduğunu qeyd edib.
Kerrinin Moskva səfəri və ötən ay P5+1 ölkələri ilə İran arasında uranın zənginləşdirilməsi mövzusunda razılığın əldə olunması Əsədin iki nəhəng müttəfiqini itirməsi ilə nəticələnə bilər. Üstəlik, ölkənin yarıdan çoxuna Dəməşqin yox, terrorçuların nəzarət etməsi yaxın zamanlarda oğul Əsədin sonunu gətirə bilər.
Bu gün Yəməndə imzalanan atəşkəs Səudiyyə Ərəbistanının başçılığı ilə yaradılan koalisiyanın ABŞ-ın köməyinə çatacağı anlamına gəlir. Ayrıca, Suriyanın şimalında, daha dəqiq desək, Türkiyədə AKP hakimiyyətinin Əsəd məsələsində güzəştə getməməsi, bir neçə gün öncə Türkiyə təyyarəsinin Suriya səmasında salınması Yaxın Şərqdə koalisiyanın tam formalaşdığından xəbər verir.