İsrail Donbas hövzəsində müharibəyə öz münasibətini dəyişdirə bilər.
Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə TSN telekanalının sujetində deyilir.Hərbi ekspert Vladimir Yankeleviç bildirib ki, Ukrayna hərbi-sənaye sahəsində kifayət qədər ciddi istehsalçıdır. “Amma Ukraynada müasir İsrail elektronikası çatışmır”, - Yankeleviç deyib.
İsrail Ukrayna münaqişəsində Moskva ilə münasibətləri nəzərə alaraq neytral qalmağa çalışırdı. Təsadüfi deyil ki, ABŞ-ın strateji müttəfiqi olan İsrail BMT-də Ukraynanın ərazi bütövlüyü ilə bağlı qətnamənin səsverməsində bitərəf qalıb. Bu isə Vaşinqton tərəfindən sərt qarşılanıb.
“Amma qəflətən vəziyyət dəyişdi. Moskva “S-300” zenit-raket komplekslərinin İrana satışı ilə bağlı qadağanı aradan qaldırdı. İran həmin ölkədir ki, İsrailin məhv edilməsini az qala özünün əsas missiyası adlandırır”, - TSN kanalının sujetində deyilir.
Qeyd edilir ki, İsrail Ukraynanın səhra şəraitinə uyğunlaşdırılmış tank və aviasiya mühərrikləri ilə maraqlanır: “Ukraynanın “Qrad” artilleriya qurğusu müasir müdafiə texnologiyası üzrə dünyada ən yaxşılardandır”.
Xatırladaq ki, İsrailin “NEWSru Israel” nəşri bir müddət əvvəl Təl-Əvivin Moskvanı hədələdiyini yazıb. İddiaya görə, İsrail “S-300” zenit-raket komplekslərinin İrana çatdırılacağı halda, Ukrayna və Gürcüstana silah satmağa başlayacağını bildirib. Nəşr yazır ki, Rusiyanın qərarına cavab olaraq Ukrayna və Gürcüstana silahların çatdırılması başlana bilər.