Rusiya paytaxtında MDB ölkələri dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Tacikistan prezidenti İmaməli Rahmon, Qırğızıstan prezidenti Almazbek Atambayev və Özbəkistan prezidenti İslam Kərimov iştirak edirlər.
MDB ölkə başçılarının qeyri-formal sammitində əsas müzakirə mövzusu bu il ərzində Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyinin birgə qeyd edilməsi olub. Bundan başqa, MDB məkanında 2015-ci ilin “Veteran ili” elan edilməsi müzakirə olunub.Sammitdə çıxış edən Vladimir Putin Rusiyanın Müstəqil Dövlətlər Birliyi ölkələrinin əməkdaşlığının effektivliyinin yüksəldilməsində maraqlı olduğunu söyləyib: "Qeyd etmək istəyirəm ki, Rusiya MDB çərçivəsində çoxtərəfli və qarşılıqlı faydalı əməkdaşlığın effektivliyinin yüksəldilməsində maraqlıdır. Bu, tamamilə ölkələrin strateji planlarına cavab verir".
N. Nazarbayev isə çıxışında MDB ölkə başçılarının növbəti rəsmi sammitinin bu il oktyabrın 9-da Qazaxıstanda keçiriləcəyini bildirib: “Dövlət başçıları növbəti MDB sammitinin Astanada keçirilməsini dəstəklədilər”.