Ukraynada “erməni soyqırımı”na abidə qoyuldu, diaspor rəhbəri səfirliyimizi ittiham etdi - FOTO

Ukraynada “erməni soyqırımı”na abidə qoyuldu, diaspor rəhbəri səfirliyimizi ittiham etdi - FOTO backend

Dekabrın 18-də Ukraynanın Xerson şəhərində erməni soyqırımı abidəsi qoyulub.

Tədbirdə Xerson şəhər meri, Ukraynadakı erməni kilsəsinin baş kahini və Ermənistanın Ukraynadakı konsulu da iştirak edib.

Tədbirin açılışını edən baş kahin Markos Aqonesyan Xerson şəhər meri V.Nikolayenkoya ermənilər adından təşəkkürnamə təqdim edib.

Bununla əlaqədar olaraq Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri (UABD) Hikmət Cavadov Ukraynanın Xerson şəhərinin merinə məktub ünvanlayıb.

Bu məsələ ilə bağlı Modern.az-a açıqlama verən Hikmət Cavadov bildirib ki, erməni lobbisinin güclü olması nəticəsində bu təklifə səs verilərək Ukraynada belə bir abidə qoyulub.

“Ukraynanın bütün vilayətlərində yerli şəhər şuraları fəaliyyət göstərir. Şəhər Şurasındakı deputatlar müvafiq təkliflər irəli sürürlər. Xerson Şəhər Şurasında erməni əsilli deputatlar var. Çox güman ki, bu layihə erməni deputatların təklifi ilə müzakirəyə çıxarılıb. Yalnız səsvermədən sonra Xerson şəhər meriyası abidə üçün xüsusi yer ayırıb və erməni diasporu da orada abidə qoyub.

Bu məlumatı mənə dekabrın 19-da Xerson vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədri Əlimərdan Kərimov verdi. Məlumatı alar - almaz Xerson şəhər merinə təşkilat adından məktub yazdım. Məktubda "erməni soyqırımı”nı anmaq üçün qoyulan abidənin Ukrayna-Azərbaycan, Ukrayna-Türkiyə münasibətlərinə zərər vura biləcəyini qeyd etdim”.

Hikmət Cavadov vurğulayıb ki, onlar indiyədək bəzi vilayətlərdə ermənilərin belə layihələri ilə bağlı öncədən məlumatlanaraq bunun qarşısını ala biliblər:

“Məsələn, keçən il Dnepr şəhərində ermənilərin belə bir addım atmaq istədiyini öyrənəndə biz bu məsələni müzakirəyə çıxardıq. Nəticədə diaspor bunun qarşısını ala bildi. Ukrayna Ali Radasına, Dnepr Şəhər Şurasına məktublar yazdıq, müvafiq görüşlər keçirdik və ermənilərin bu layihəsinin reallaşmasına mane ola bidik”.

Diaspor təşkilatının rəhbəri qeyd edib ki, bu məsələlərdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan əlavə başqa qurumların da aktiv olması çox vacibdir. Bunun qarşısını almaq üçün Azərbaycanın Ukraynadakı səfirliyi elə çalışmalıdır ki, bütün vilayətlərdə, şəhər şuralarında, rayon bələdiyyələrində müzakirəyə çıxarılan bütün məsələlər izlənməli və müzakirə olunaraq həlli yolları tapılmalıdır.

Ümumiyyətlə səfirliyin əsas vəzifələrindən biri də budur ki, Ukraynada Azərbaycana qarşı istiqamətlənmiş prosesləri görüb əvvəlcədən reaksiya versin. Bu təkcə diasporun üzərinə düşən vəzifə deyil. Bu məsələlərdə diplomatik korpusun fəaliyyəti vacibdir” - deyən Hikmət Cavadovun sözlərinə görə, Azərbaycanın Ukraynadakı səfirliyi son iki il ərzində heç bir erməni təxribatının qarşısını almayıb:

“Ümumiyyətlə, çox maraqlıdır ki, səfirliyin iş fəaliyyəti nədən ibarətdir? Ukraynadakı Azərbaycan diasporunun aparıcı şəxslərinə qarşı mübarizə aparmaq, yoxsa ermənilərə qarşı mübarizə aparmaq?

Bu gedişlə Ukraynanın bütün vilayətlərində bu hadisə baş verə bilər və ermənilər istədiklərini əldə edə bilərlər. Əsas problem də məhz budur ki, bizim burdakı səfirliyimiz vacib işlərini kənara qoyub, diasporun təqibi ilə məşğuldur.

Ukraynadakı azərbaycanlılar bizim səfirliyə “JEK” deyirlər. Ən yaxşı binalardan birində olmasına baxmayaraq, bizim buradakı səfirliyimizin binasında səfirlik yox, sanki “JEK” fəaliyyət göstərir. Hansısa siyasi məsələlərdə Azərbaycanın burda qalib gəlməsi indiyə qədər nəzərə çarpmayıb.

Bundan biz əsasən ona görə təsirlənirik ki, Ukraynada yarım milyon azərbaycanlı yaşayır. Məhz buna görə, buradakı səfirlik daha effektli fəaliyyətlə məşğul olmalıdır.Niyə Azərbaycan vətəndaşı ərizə üçün gələrək soyuq havada, küçədə saxlanılır? Əlbəttə ki, biz bunu şikayət üçün demirik, amma belə halların baş verməsi yolverilməzdir”.

Hikmət Cavadov səfirliyin Ukraynadakı bu kimi proseslərə nəzarətinin vacibliyini vurğulayıb.

“Səfirliyin vəzifəsidir ki, bir dəfə nümayəndəsini göndərib şəhərin meri ilə, deputatları ilə görüşdürsün”.
Diaspora