Rusiya ABŞ-la yeni soyuq müharibə ərəfəsindədir.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Apostrof” saytına müsahibəsində rusiyalı iqtisadçı Slava Rabinoviç söyləyib. Onun sözlərinə görə, bu müharibə Rusiya üçün SSRİ ilə ABŞ arasında gedən soyuq müharibə kimi bitəcək:“ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası ABŞ-ın uzunmüddətli milli maraqlarına əsaslanır. Bu cür sənədlərin üzərində çoxlu sayda insan və təşkilatlar çalışır. Bu sənədin son versiyası Donald Tramp tərəfindən yox, bu təşkilatlar və insanlar tərəfindən hazırlanıb. ABŞ-ın yeni strategiyası sürpriz olmamalıdır. Rusiya son üç il yarım ərzində təkcə Ukraynaya yox, bütün dünyaya təhdid kəsb edir. Moskva həm hibrid savaşı, həm də qaynar müharibə aparır. Moskvanın ABŞ-dakı seçkiyə müdaxiləsi birbaşa ABŞ-a hücum idi. Ona görə də Kreml yeni strategiyadan təəccüblənməməlidir. Putin hakimiyyəti soyuq müharibə istəyirdi və onu da aldı. Lakin o, tezliklə, soyuq müharibənin nəticələrini də əldə edəcək. Bu isə əvvəlki soyuq müharibənin nəticələrinin təkrarı olacaq.
Rusiya istədiyi şeyi edə bilər, amma reallıq başqadır. Rusiya dünyanın ümumdaxili məhsulunun 2%-nə sahibdir. Rusiya iqtisadiyyatının artım tempi ya sıfırdır, ya da mənfidir. İstənilən halda göstəricilərinə görə, o, inkişaf etmiş ölkələrin səviyyəsinə belə çatmır. Hər şey ruslar üçün ağlamalı olacaq, nəticədə qlobal çöküş başlayacaq”.