Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama İŞİD terror qruplaşmasının girov götürdüyü iordaniyalı pilotu diri-diri yandırılmasını göstərən videonu internetdə yaymasından sonra münasibətini açıqlayıb.
ABŞ prezidenti Barak Obama iordaniyalı pilotun İŞİD yaraqlıları tərəfindən dəhşətli şəkildə öldürülməsini pisləyib.“Bu hərəkət İŞİD-in əxlaqsızlıq və barbarlığının başqa bir nümunəsidir. Onların zəiflədilməsi və nəhayət məğlubiyyətə uğradılması üçün beynəlxalq koalisiyanın gücü ikiqat artırılacaq” – deyə B.Obama söyləyib.
Qeyd edək ki, iordaniyalı girovun diri-diri yandırılmasını əks etdirən videonu İŞİD yaraqlıları fevralın 3-də internetdə yayımlayıblar. Muaz Kasasbe İŞİD-ə beynəlxalq koalisiyanın təşkil etdiyi hava hücumları zamanı İordaniya Hava qüvvələrinə aid F-16 döyüş təyyarəsini idarə edərkən Suriyanın Rakka şəhərində qəzaya düşmüş və İŞİD tərəfindən girov götürülmüşdü.