Ukraynada ötən gecə Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılan eks Gürcüstan prezidenti Mixail Saakaşvili təcridxanada müddətsiz aclıq elan edib.
Virtualaz.org xəbər verir ki, bunu Saakaşvilinin vəkili Ruslan Çernolutski jurnalistlərə bildirib.“Saakaşvili müddətsiz aclıq aksiyasına başladığını elan edir. O, məcburi qidalandırmaya müqavimət göstərəcək”-vəkil deyib. Onun sözlərinə görə, əgər məhkəmə Saakaşvilinin barəsində 60 günlük həbs qətimkan tədbiri seçsə siyasətçi “daha sərt formada” aclıq edəcək. Hərçənd Ukrayna Baş prokurorluğu bildirib ki, məhkəmədə Saakaşvilinin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə yox, elektron qolbaq gəzdirmək şərti ilə ev dustaqlığı seçilməsi barədə vəsadət qaldıracaq. Saakaşvilinin bu gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.
Saakaşvili mütəşəkkil qruplaşma ilə əlbir olmaqda və dövlət çevrilişi cəhdində ittiham olunur. İttihama əsasən o, keçmiş prezident Viktor Yanukoviçin tərəfdarı olan və hazırda Rusiyada yaşayan oliqarx Sergey Kurçenkodan pul alıb və hakimiyyət çevrilişi hazırlayıb. Saakaşvili bu ittihamları qurama adlandırır.
KİV-lər xəbər verir ki, Saakaşvili Kiyevdə yüksək vəzifəli polis əməkdaşının mənzilində saxlanılıb. Bundan əvvəl o, Kiyevdə qaldığı evdə həbsdən yayınmaq üçün dama çıxmışdı və oradan tərəfdarlarına müraciət etmişdi. Saakaşvilinin dama çıxması onun soyuqlaması ilə nəticələnib, siyasətçi tibbi yardım üçün həkim axtarmalı olub. Bildirilir ki, Saakaşvili polis polkovniki, Milli Polisin departament rəhbəri Yuri Pokinborodinin mənzilində tutulub.
Hazırda Təhlükəsizlik Xidmətinin təcridxanasının qarşısında Saakaşvilinin bir neçə yüz tərəfdaşı toplaşıb, onlar tonqallar qalayıblar. Təcridxananın qarşısında mümkün iğtişaşları önləmək üçün Milli Qvardiyanın döyüşçüləri də səfərbər olunub.



