İraq İŞİD terror təşkilatı üzərində tam qələbəni elan edib.
Publika.az AFR agentliyinə istinadən xəbər verir ki, İraqın baş naziri Heydər əl-İbadi Suriya ilə bütün sərhəd üzərində nəzarətin bərpasından sonra İŞİD üzərində müharibənin qələbə ilə tamamlandığını bildirib.“Bizim silahlı qüvvələrimiz İraq-Suriya sərhədi üzərində nəzarəti tamamilə bərpa edib. Bununla da İŞİD-ə qarşı müharibənin başa çatdığını elan edirik”, - baş nazir mətbuat konfransında deyib.
O qeyd edib ki, düşmən sivilizasiyanı məhv etməyə gəlmişdi, ancaq İraq birlik və qətiyyət sayəsində qalib gəlib.
Qeyd edək ki, İŞİD 2014-cü ilin yayında ölkənin ikinci böyük şəhəri olan Mosul da daxil olmaqla ölkə ərazisinin xeyli hissəsini ələ keçirmişdi.
Bir neçə gün əvvəl isə Rusiya Müdafiə Nazirliyi Suriyada İŞİD üzərində tam qələbənin qazanıldığını açıqlayıb.



