Rusiya təhlükəsizlik strategiyasını niyə dəyişir?

Rusiya təhlükəsizlik strategiyasını niyə dəyişir? backend

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ və NATO-nun daha təcavüzkar siyasət yürütdüyünü, yeni təhdidlərə görə Rusiyanın milli təhlükəsizlik strategiyasının dəyişdiriləcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, Patruşevin “Krasnaya Zvezda” qəzetində yayımlanan məqaləsində milli təhlükəsizliklə bağlı təməl prinsiplərin yeni təhlükələr ucbatından dəyişdiyini, strateji planlaşdırmanın 2020-ci ilə qədər təkmilləşdiriləcəyini vurğulayıb.

Ərəb baharı, Suriya böhranı, İraqda baş verən hadisələr və Ukrayna probleminin yeni təhlükələr meydana gətirəcəyini deyən Patruşev qlobal proseslərin çox böyük surətlə gərginliyə doğru getdiyini deyib:

“ABŞ və NATO-nun Rusiyaya qarşı təcavüzkar siyasəti getdikcə artır. Hava Hücumundan Müdafiə Sistemlərinin qurulması sürətlənir. Hərbi təhdid və təhlükələr artıq informasiya sahəsinə də sirayət edib. Dünyada lider ölkələr öz mənafelərinə görə, ölkələrdə qarşıdurmalar, xalq qiyamları və inqilablar yaradır”.

Rusiyanın hərbi doktrinasını 2014-cü ilin sonunda yeniləndiyini xatırladan Patruşev çoxqütblü dünya sisteminin yarandığını, ABŞ və müttəfiqlərinin öz üstünlüklərini qorumaq üçün atdığı addımların beynəlxalq aləmdə qeyri-tarazlığa səbəb olduğunu bildirib.
Diaspora