ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, Monterey Şəhər Şurası ilə birlikdə şəhər meriyasının qarşısında keçirilən tədbirdə şəhər rəhbərliyi, iş adamları, KİV təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də ABŞ Müdafiə Nazirliyinin Montereydə yerləşən nüfuzlu ali təhsil ocaqlarının professor və tələbə heyəti iştirak edib.Monterey şəhərinin meri Klayd Roberson (Clyde Roberson) ABŞ-la Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunaraq, Azərbaycanın ölkəsi üçün regionda önəmli müttəfiq olduğunu vurğulayıb. Monterey ilə Lənkəran arasında “qardaşlaşmış şəhərlər” münasibətləri barədə danışan mer, qarşıdakı illərdə bu münasibətlərin daha da sıxlaşacağına ümid etdiyini diqqətə çatdırıb.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin müstəqillik tarixi haqda ətraflı danışaraq, üçrəngli bayrağımızın 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edildiyini, 1990-cı ildə Sovet İttifaqının süqutu ərəfəsində ilk dəfə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında muxtar respublikanın bayrağı kimi təsdiq edildiyini və 1991-ci ildə isə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı kimi öz təsdiqini tapdığını qeyd edib. Baş konsul müstəqil və müasir Azərbaycanın bütün sahələrdə inkişaf edərək, bu gün regionda və beynəlxalq arenada böyük nüfuz sahibinə çevrildiyini vurğulayıb.
Daha sonra Monterey merinin imzaladığı, Azərbaycan Dövlət Bayrağı Günü və Monterey-Lənkəran münasibətləri haqda bəyannamə mer K.Roberson tərəfindən baş konsul N.Ağayevə təqdim olunub.