Türkiyə İdlib şəhərini nəzarətə aldı

Türkiyə İdlib şəhərini nəzarətə aldı backend

Türk ordusu əməliyyatın ilkin mərhələsini uğurla başa çatdırıb, ikinci mərhələdə ciddi toqquşmaların baş verəcəyi gözlənilir

Türkiyə ordusu oktyabrın 12-də yerli vaxtla saat 22 radələrində Suriyanın İdlib şəhərinə daxil olub. “Euronews” xəbər verir ki, əməliyyat Türkiyə, Rusiya və İran arasında atəşkəs bölgələrində asayişin təmin olunması ilə bağlı razılaşmaya əsasən həyata keçirilib.

Əməliyyatda 30 zirehli texnika və 100-dən artıq hərbçi iştirak edib. Hatay vilayətinin Reyhanlı rayonundan Suriya ərazində daxil olan Türkiyə ordusu qüvvələri əd-Dana şəhərinə, oradan da İdlibə keçib. Yerli əhali türk ordusunu sevinclə qarşılayıb. Türkiyə ordusu İdlibdə müşahidəçi fəaliyyətinə başlaması ilə bağlı Baş Qərargahın yaydığı açıqlamada qeyd olunur ki, Türkiyə ordusu 14 ayrı nöqtədə xidmət edəcək. Türkiyə hərbçiləri “Astana prosesi” çərçivəsində müəyyən olunmuş ərazilərdə atəşkəsin təmin olunması, müşahidə və humanitar yardım proqramları həyata keçirəcək. Baş Qərargahın açıqlamasında Türkiyə ordusunun 8 oktyabrda kəşfiyyat fəaliyyətlərinə başladığı və ayın 12-dən etibarən isə müşahidə və nəzarət məntəqələri təşkil etməyə başladığı qeyd olunur.

Qeyd edək ki, “Azad Suriya Ordusu” qruplaşması ötən həftədən başlayaraq bölgəni nəzarətdə saxlayan terror təşkilatlarına qarşı əməliyyatlara başlayıb. Bu əməliyyata Türkiyə ilə yanaşı Rusiyanın da havadan dəstək verməsi gözlənilir. Ümumiyyətlə, Suriyada tamamilə müxalif silahlı qrupların nəzarətində olan İdlibdə geniş miqyaslı əməliyyatın başlaması gözlənilir. Astana razılaşmasına əsasən Türkiyə ordusu şimaldan İdlibin şimal ərazilərini nəzarətdə saxlayacaq. Mərkəzdə Rusiya qüvvələri, cənubda isə İran və Suriya qüvvələri əməliyyat həyata keçirəcək. İlk olaraq Türkiyə ordusu hərəkətə keçib və demək olar ki, ciddi müqavimətə rast gəlmədən İdlibə qədər gedib çıxıb. Əməliyyatdan bir neçə gün əvvəl mediada Türkiyənin silahlı qruplarla asayişin təmin olunması və silahlıların atəşkəs bölgəsindən çəkilməsi ilə bağlı razılaşma imzalandığı xəbəri yayılıb. Görünən odur ki, İdlibdəki müxalif silahlıların bir qismi Türkiyə ilə anlaşmaya riayət edərək cənuba doğru çəkilib, digər qruplar isə “Azad Suriya Ordusu” kimi Ankara dəstəkli qruplarla toqquşmalara girib.

Bu isə o deməkdir ki, qarşıdakı mərhələdə bölgədəki radikal qruplar ciddi müqavimət göstərəcəklər. Xüsəsən də cənubdan irəliləyən Suriya ordusu və mərkəzə nəzarət etməyə çalışacaq ruslara qarşı ciddi müqavimət təşkil olunacaq.

2015-ci ildə silahlı radikal qruplar uzun sürən döyüşlərdən sonra İdlibə nəzarəti hökumət qüvvələrindən alıb. Bu əyalət həm Laziqiyyə, Tartus və Hama kimi strateji əhəmiyyətli şəhərlərə yaxındır, eyni zamanda İdlib Türkiyə ilə Hatay vilayəti üzərindən böyük sərhədə malikdir. Sərhədin bağlanması silahlı qruplar üçün ağır itki ola bilər. Bundan başqa silahlıların ən böyük sayda toplandığı yer məhz İdlibdir. İdlibdə nəzarətin hökumətin və Türkiyə, Rusiya, İran koalisiyasına keçməsi Suriyada böyük müharibənin faktiki olaraq başa çatması deməkdir. Çünki hazırda faktiki olaraq silahlıların nəzarətində hansısa vilayət və ya böyük şəhər demək olar ki, yoxdur. Bu səbəbdən də İdlib əməliyyatı həm silahlı müxaliflərin taleyi, həm də münaqişənin gələcəyi ilə bağlı mühüm əhəmiyyət kəsb edir.

Kənan
musavat.com