“Ankara Şimali Qafqazda fəaliyyətini gücləndirə bilər”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Andrey Yepifançev çıxış edib.Onun sözlərinə görə, Türkiyə Putinə “soyqırım”la bağlı ağır cavab verəcək:
“Putinin Ermənistana səfəri ilə bağlı Ərdoğanın sərt çıxışı Türkiyənin bu işdən nə qədər narazı olduğunu göstərir. Bu həmin ölkə ilə münasibətlərin soyumasına gətirib çıxara bilər. Əgər belə bir şey olsa, Rusiya bundan heç bir xeyir götürməyəcək. Bizim Türkiyə ilə yüzlərlə iqtisadi layihələrimiz var ki, bunlardan da xüsusi vacib olanı “Cənub Axını” proyektidir. Əgər onlarla iş tam dayansa, bu, Moskvaya zərbə olacaq və bütün ruslar bundan ziyan bəhrəsini götürəcəklər. Türkiyə Putinin İrəvana səfərinə lazımı cavablar da verə bilər. Bunlardan birini Ərdoğan etdi. O, Rusiyanı Ukrayna və Krım tatarlarına qarşı tutduğu mövqeyə görə tənqid etdi. Çox güman ki, Türkiyə Rusiyaya qarşı mövqeyini daha da sərtləşdirəcək. Bunlardan biri çərkəzlərin soyqırımı olacaq. Biz qarşıda çərkəzlərə qarşı soyqırımın Rusiya tərəfindən tanınması tələbi ilə qarşı-qarşıya qala bilərik ki, bu da Moskvaya heç də xoş şeylər bəxş etməyəcək. Üstəlik, Ankara Şimali Qafqazda fəaliyyətini də gücləndirə bilər. Məsələn, Moskvanı hirsləndirməmək üçün əvvəllər Türkiyədən qovulan çeçen təşkilatları yenidən aktivləşdirilə bilər”.
Yepifançev Rusiyanın Türkiyə ilə Ermənistan arasında seçim etməkdə çətinlik çəkdiyini bildirib:
“Türkiyə-Azərbaycan məsələsi və ermənilərin mövqeləri ilə bağlı qərar vermək hər zaman çətin olub. Bu, Rusiya üçün hər zaman ağır vəziyyət yaradıb və o həmişə müxtəlif vasitələrlə bundan qaçmağa çalışıb, amma etdiyi cəhdlər heç də həmişə uğurla nəticələnməyib. Hazırkı vəziyyət bir il əvvəl Ermənistanın iki stulda birdən oturmaq istəməsi situasiyasını xatırladır. İrəvan həmin an həm assosiativ müqaviləni imzalamaq istəyir, həm də Rusiyanın hərbi zəmanətini saxlamaq istəyirdi. O zaman Moskva İrəvana aydınlaşdırdı ki, bu, mümkün olan şey deyil. İndi Moskvanın özü qərarını verməlidir. Biz “soyqırımı” tanımışıq və indi də gərək nəticələrinə dözək”.