Britaniya bankları qanunsuz immiqrantların hesabını donduracaq

Britaniya bankları qanunsuz immiqrantların hesabını donduracaq backend

Gələn ilin əvvəlindən Britaniya bankları bütün hesab sahiblərini ölkədən deportasiya edilməli olan və ya miqrasiya xidmətindən gizlənən şəxslərin siyahısı ilə tutuşdurmağa başlayacaq.

Maliyyə qurumları, qanunsuz immiqrantlar siyahısına düşən bütün müştərilər barədə məlumatı Daxili İşlər Nazirliyinə çatdırmalı və onların hesablarını bağlamalı və ya dondurmalı olacaq.

Belə ölçülərin görülməsi, 2016-ci ildə parlament tərəfindən qəbul edilmiş immiqrasiya haqqında qanunda nəzərdə tutulub.

Guardian qəzetinin məlumatına əsasən, banklarda qanunsuz miqrantlara dair məlumatların yoxlanılması üçün hər 3 aydan bir 70 milyon cari hesab nəzərdən keçiriləcək.

Britaniyada 2016-cı ildə qəbul olunmuş immiqrasiya haqqında qanunda immiqrantları ölkədən könüllü getməyə sövq etmək üçün bir sıra tədbirlər nəzərdə tutulub.

2014-cü ildən Britaniyada bank hesabı açma qaydaları sərtləşdirilib.

O vaxtdan etibarən banklar hesab açmaq istəyən müştərilərin miqrasiya statusunu yoxlamağa başlayıb.

Britaniya DİN-i banklara yalnız ölkədə qanunsuz qalan müştərilər barədə məlumatın veriləcəyini bildirib.

Belələrinin kateqoriyasına, o cümlədən, deportasiya olunmaq barədə qərardan apellyasiya vermək hüququnu itirmiş xaricilər də aid ediləcək, DİN rəhbəri Amber Rudd vurğulayıb.

Britaniya qanunvericiliyində, qeyri-leqal miqrantlara mənzil kirayəyə verən ev sahiblərinə və ya onları işə götürən şəxslərə qarşı sərt cəzalar nəzərdə tutulub (Virtualaz.org)