İsveçrədə və Lixtenşteyndə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərlərindən ibarət nümayəndə heyəti mayın 2-də Heydər Əliyev Mərkəzi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, qonaqlar dünya memarlıq inciləri sırasında olan və Bakının müasir simvoluna çevrilən Heydər Əliyev Mərkəzinin binası, onun arxitektura özəllikləri barədə məlumatlandırılıblar.Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi ilə tanışlıq nümayəndə heyətində xüsusi maraq doğurub. Qeyd edilib ki, Heydər Əliyev Muzeyi təşkil olunarkən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzey həm də Azərbaycan tarixinin öyrənilməsinə böyük imkanlar yaradır. Bu baxımdan interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyət kəsb edir.
Sonra nümayəndə heyəti Mərkəzdə Azərbaycanın tarixinə və mədəni irsinə dair eksponatların nümayiş olunduğu “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan” sərgilərinə baxıblar.
Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzi ilə tanışlığın onlarda dərin təəssüratlar yaratdığını bildiriblər.