Ermənistanla Gürcüstan arasında səfir qalmaqal - yenə Rusiya “izi”...

Ermənistanla Gürcüstan arasında səfir qalmaqal - yenə Rusiya “izi”... backend

Qabil Hüseynli: “İrəvanın dirəşməsinə heç bir əsas yoxdur, çünki...”

Ermənistan politoloq, Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanı Gürcüstana səfir təyin etmək niyyətindədir. Bu barədə artıq qərar da qəbul edildiyi barədə məlumat yayılıb.

Gürcüstan isə S.Minasyana səfir kimi aqreman verməkdən imtina edir. APA-nın “Jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, Gürcüstan hökuməti Ermənistanın səfir təyin etməyi planlaşdırdığı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın namizədliyinə etiraz edir və bu şəxsi arzuolunmaz sayır. Qəzetin yazdığına görə, Gürcüstan tərəfində ciddi şübhə var ki, S.Minasyan bu ölkədə Ermənistanı deyil, əslində Rusiyanı təmsil edəcək.


Məlumatlara görə, Ermənistan bu yolla Gürcüstanda siyasi fəallığı artırmaq, həmçinin nəqliyyat blokadasını aradan qaldırmaq niyyətindədir. Minasyan həm də yerli gürcü ermənilərindən hesab edilir. O Axalkalakda anadan olub və dəfələrlə separatçı Cavaxetiyanı dəstəkləyib. 2005-ci ildə Sergey Minasyan Rusiyaya müraciət edərək Moskvanı Cavaxetiyaya qoşun yeritməyə və bu yolla dost erməniləri müdafiə etməyə çağırmışdı. Cavaxetiyanı müdafiə məqsədi ilə çıxışlarından birində Minasyan belə demişdi ki, Cavaxetiyada yaşayan əhalinin 55-60 faizini, Axalkalakda isə 90 faizini ermənilər təşkil edir və Cavaxetiya erməniləri heç vaxt Gürcüstanı özlərinə vətən hesab etməyiblər.


Belə bir separatçının Gürcüstana səfir təyin edilməsi təbii ki, Gürcüstan tərəfindən qəbul edilməzdir. Gürcüstan Diplomatiya Akademiyasının rektoru Soso Sinsinadze bəyan edib ki, Gürcüstanın parçalanmasını qarşısına məqsəd qoyan separatçı Gürcüstanda səfir işləyə bilməz və gürcü xalqı heç vaxt buna razı olmayacaq.


Ümumiyyətlə, Ermənistan həmişə Gürcüstana düşmən münasibət bəsləyərək Rusiyanı dəstəkləyib.


Xatırladaq ki, BMT Baş Assambleyasının 71-ci sessiyasında “Abxaziya və Cənubi Osetiya bölgəsindən qaçqın düşməyə məcbur olan gürcü əhalinin statusu barədə” qətnaməni müzakirə edərək qəbul edəndə Ermənistan Rusiya ilə birlikdə sənədin əleyhinə səs vermişdi.
Keçmiş dövlət müşaviri Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanın erməni səfirinin təyinatı ilə razılaşmamaq hüququ var. Rəsmi qaydalara görə, səfirin kimliyi fəaliyyət göstərəcəyi ölkə ilə razılaşdırılmalıdır: “Səfir göndəriləcək şəxsin tərcümeyi-halı, onunla bağlı olan bütün bilgilər fəaliyyət göstərəcəyi ölkənin Xarici İşlər Nazirliyinə təqdim olunmalıdır. Bir diplomatik prosedura var ki, buna aqreman deyilir. İstənilən ölkə oraya təyin edilən səfirin tələblərə cavab vermədiyi halda onun təyinatına aqreman verməmək hüququ var. Ona görə də səfiri göndərən ölkə bunu nəzərə almalıdır. Açıq görünür ki, Ermənistan hökuməti bu qaydanı nəzərə almayıb. Ona görə də Gürcüstan haqlı olaraq Sergey Minasyanın təyinatına etiraz edir. Ermənistanın dirəşməsinə heç bir əsas yoxdur. Gürcüstan tərəfi etirazını Minasyanla bağlı faktları ortaya qoyaraq bildirir. Gürcüstan hökuməti Minasyanın Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu, separatçılıq etdiyini sübutlayır. Bu nöqteyi-nəzərdən Gürcüstan hökuməti öz ölkələrinə gələcəkdə zərər vurulmaması üçün doğru addım atır. Belə vəziyyətdə isə diplomatik qaydalara görə Ermənistan ikinci bir şəxsi səfir kimi göndərməlidir. Səfir təyinatında hər iki ölkənin razılığına ehtiyac var”.
Q.Hüseynli qeyd etdi ki, Ermənistan başqa bir şəxsi səfir göndərməsə və Gürcüstan isə Minasyanı qəbul etməməkdə israrlı olsa, Ermənistan səfirsiz qala bilər.


Minasyanın səfir kimi Gürcüstanda Rusiyaya necə işləyə biləcəyinə gəlincə, ekspert vurğuladı ki, səfirlik böyük bir aparatdır və onun nəzdində olan xidmətlər fəaliyyətdə olduqları ölkələrin daxilindəki proseslər barədə məlumatlara malik olur: “Ermənistanın səfirinin Gürcüstanda əldə etdikləri bir çox informasiyaları Rusiyaya ötürməsi mümkündür. Rusiya Minasyana müxtəlif tapşırıqlar verə bilər. Rusiyanın Gürcüstandakı səfirliyi təkcə Gürcüstanın deyil, həm də ABŞ-ın xüsusi xəfiyyə orqanlarının ciddi nəzarəti altındadır. Belə olan halda Rusiya ona yaxın ölkələrin səfirliklərindən istifadə edə bilər. Burada ilk yada düşən isə Ermənistan səfirliyi və səfiridir. Səfir Gürcüstan hakimiyyətinin daxilindəki vəziyyət, prezident-baş nazir münasibətləri, təyinatlar, hərbi məlumatlar və digər məsələlər barədə sənəd hazırlana və İrəvan üzərindən Moskvaya göndərə bilər. Ermənistan Rusiyanın quberniyası vəziyyətinə düşdüyü üçün səfir də Rusiyadan gələn əmrləri itaətlə yerinə yetirmək məcburiyyətindədir. Üstəlik də Minasyan tipli adamlar Rusiyaya necə işləməyi daha mükəmməl bilirlər. Məhz Minasyanın səfir təyinatının məqsədli şəkildə edilməsinə şübhə yoxdur. Bu işdə Rusiyanın da əlinin olması ehtimalı yüksəkdir. Ona görə də bu, əbəs yerə baş verən qalmaqla deyil”.