Ukrayna hökumətində iki erməni nazir

Ukrayna hökumətində iki erməni nazir backend

Krımın Rusiyaya ilhaqını dəstəkləyən İrəvan və ermənilər üçün çox deyilmi?; Mübariz Əhmədoğlu: “Ukraynanın içərisində hər zaman erməni qanadı üstün olub...”

2014-ci ildə Ukraynanın şərqindəki Rusiya tərəfdarı üsyançılar və ordu arasında başlayan qarşıdurmalar Krımın Rusiya tərəfindən ilhaq edilməsi ilə nəticələndi. Bu hadisələrdən sonra Moskvanı Ukraynadakı üsyançılara birbaşa dəstək verməkdə günahlandıran ABŞ və Avropa İttifaqı, Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməyə davam edir. Lakin buna baxmayaraq, Rusiya Krımla bağlı siyasətini dəyişmir.

Krımın ilhaqından sonra bu ərazinin Rusiyaya birləşdirilməsini dəstəkləyən 9 dövlətdən biri də Ermənistan idi. Azərbaycan isə bu məsələdə Rusiyanın yanında yer almayıb, Krımın ilhaqını dəstəkləməmişdi. Lakin buna baxmayaraq, bu gün Poroşenko hökümətinin iki naziri məhz ermənidir. Onlardan biri Ukraynanın infrastruktur naziri Vladimir Omelyan, digəri isə daxili işlər naziri Arsen Avakovdur.

Bəs nədən Ukraynanın yüksək ranqlı hökumət nümayəndələri arasında dost Azərbaycan xalqının nümayəndələri yoxdur?

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirdi ki, Ukraynanın ərazisinin işğalını ona görə dəstəkləmədik ki, biz mövqeyi, konseptuallığı olan dövlətik: “Hal-hazırda beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipini dəstəkləyirik. Bir misal deyim ki, Kosovanın müstəqilliyi tanınması məsələsi gündəmdə olduğu zaman Türkiyə və İran bir neçə dəfə məsələni qaldırdı ki, Azərbaycan da Kosovanın müstəqilliyini tanısın. Ancaq Azərbaycan buna getmədi. Çünki bu, Serbiyanın ərazi bütövlüyünün pozulması idi. Kosova müstəqilliyini elan edən kimi biz sülhməramlılarımızı oradan çıxardıq. Yəni bu da onu göstərir ki, bizim üçün ərazi bütövlüyü məsələsi hal-hazırda vacibdir və qonşuluğumuzda olan dövlətlərin əksəriyyətindən fərqli olaraq apardığımız siyasət daha iri dövlətlərlə müqayisə olunur. Ukraynanın Azərbaycanla bağlı mövqeyinə gəlincə onu qeyd edim ki, bu ölkənin bizə qarşı siyasəti heç zaman sağlam olmayıb. Bunun da səbəbi təbii ki, Azərbaycan deyil. Ukraynada Krım hadisələri baş verən zaman bu ölkə faktiki olaraq ATƏT-ə sədrlik edirdi. Eynilə ərazi bütövlüyü prinsipinin dəstəklənməsi naminə Ukrayna ATƏT çərçivəsində çox işlər görə bilərdi. Ancaq əksi baş verdi. Belə ki, Ukrayna ATƏT-ə sədr olmadan öncə əgər Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşü ilə bağlı müəyyən ideyalar ortalığa qoyurdusa, sədr olan kimi bunlar yaddan çıxdı. Çünki Ermənistan tərəfindən təzyiqlə üzləşdi. Ona görə də Ukraynanın içərisində hər zaman erməni qanadı üstün olub. Çünki ermənilər Ukraynanın biznes sahəsində də çox güclüdürlər. Azərbaycanlılar isə oraya sonradan gediblər. Nə qədər çalışsalar da ermənilər qədər gücə malik ola bilməzlər. Ukrayna MDB-nin o dövlətidir ki, orada korrupsiya kimi amillər daha böyük rola malikdir. Ukrayna Erməniləri Birliyinin sədri Vilen Şavtaryon Ukrayna Xarici İşlər Nazirliyinin bir neçə ölkədə təmsilçisidir. Təsəvvür edin ki, bu dərəcədə onlar söz sahibidirlər”.

Politoloq erməni nazirlərin Ukraynada rolundan da danışdı: “Avakov özbaşına azərbaycanlıların obyektlərini bağlayıb, onları heç bir səbəb olmadan həbs edir. Səbəb də onların azərbaycanlı olmasıdır. Bunları Ukrayna prezidenti də görür. Poroşenkonun dövründən əvvəl də ermənilər Ukraynada güclü olublar. Buna baxmayaraq daha sonra Ukrayna ilə bağlı yuxarıda qeyd etdiyimiz kimi məsələ olarsa, yenə də biz Ukrayna leyhinə səs verəcəyik. Çox təəssüf ki, MDB təzə yaranan ərəfədə də Ukrayna Azərbaycanın təşəbbüslərini qulaqardına vurdu. GUAM-ın təşəbbüskarı Azərbaycan idi və istəyirdik ki, MDB-nin daxilində böyük güc mərkəzi yaransın və Rusiyaya qarşı dayana bilməsə də heç olmasa təsirini neytrallaşdırsın. Ukrayna isə təşəbbüsə razılığa versə də lazımı addımları atmadı. Ümid edək ki, Ukrayna Azərbaycanla münasibətlərin real mahiyyətini başa düşəcək. Artıq onun zamanıdır. Hazırda Ukraynanın MDB ölkələrinin çoxu ilə nəqliyyat əlaqəsi kəsilib. Rusiya Ukraynanın dəmir yollarına blokada qoyub. Nəticədə isə Qazaxıstanla Ukrayna arasında problemlər yaranıb. Ancaq Azərbaycanın imkanları hesabına Ukrayna həm Mərkəzi Asiyaya çıxa, həm də Fars Körfəzinə gedə bilər. Kommunikasiya sahəsində Azərbaycanın Ukrayna üçün rolu artır. Bu isə Ukrayna elitasının mövqeyində dönüş yarada bilər”.

musavat.com