ABŞ-ın Baltimor şəhərinin (Merilend ştatı) 6 polis əməkdaşı qaradərili Freddi Qreyin qətlə yetirilməsində təqsirli biliniblər.
APA-nın “The Baltimore Sun” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə prokuror Merilin Mosbi bildirib.“Heç bir şəxs qanundan üstün ola bilməz”, deyə prokuror bildirib. Qeyd olunur ki, polis əməkdaşlarının həbsi üçün orderlər artıq verilib.
Xatırladaq ki, Baltimor şəhərində bir həftədir davam edən iğtişaşlar zamanı 100-dək polis əməkdaşı xəsarət alıb. Toqquşmalara səbəb 25 yaşlı qaradərili Freddi Qreyin polis tərəfindən saxlanılmasından bir həftə sonra xəstəxanada vəfat etməsi olub.