Avropa Nüvə Tədqiqatları Mərkəzində müzakirələr aparılıb

Avropa Nüvə Tədqiqatları Mərkəzində müzakirələr aparılıb backend

Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, cari ilin 21-25 aprel tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) görüşlər keçirilib. Görüşlərdə Azərbaycanı rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti (İCŞ-in müdiri İsbəndiyar Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ayaz Bayramov və aparıcı məsləhətçisi Abbas Məmmədov, Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) sədri Adil Qəribov, sədr müavini İbrahim Qabulov, nüvə fizikası şöbəsinin müdiri Anar Rüstəmov, BƏHM-in texniki işlər üzrə direktor müavini Məzahim Quliyev) təmsil edib.

Səfərin əsas məqsədi Azərbaycan Respublikasının CERN ilə mövcud olan əlaqələrinin daha da inkişaf etdirilməsi və bu işdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət istiqamətlərinin, əməkdaşlıq sahələrinin müzakirə edilməsi olub.

Səfərin ilk günü nümayəndə heyəti CERN-in məsul şəxsləri ilə görüşmüş və CERN-in, o cümlədən Sinkrosiklotron, İdarəetmə, ATLAS, İfratkeçirici Maqnitin Sınaq və bir sıra təcrübə mərkəzlərinin fəaliyyəti ilə tanış olublar. Görüşdə CERN nümayəndələri Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıblar. ALICE layihəsinin rəhbər şəxsləri ilə keçirilən görüşdə isə MNTM-in bu layihəyə qoşulma mövzusu müzakirə edilib.

Səfərin növbəti günü “Worldwide Large Hadron Collider Computing Grid (WLCG)” layihəsinin rəhbəri Y. Börd Mərkəzin kompüter şəbəkəsi haqqında nümayəndə heyətini məlumatlandırıb, “TIER 0” DATA mərkəzi ilə tanış edib. Görüşdə Azərbaycanda yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan və ən qabaqcıl texnologiyalara sahib olacaq Data Mərkəzi haqqında da geniş məlumat verilib.

Səfər zamanı Azərbaycanın CERN-ə assosiativ üzv olması, CERN-də aparılan təcrübələrinin məlumatlarının ölkəmizdə yaradılan Data Mərkəzində saxlanması, ölkəmizdə nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün MNTM-in layihələrə qoşulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

CERN tərəfindən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə də ciddi maraq göstərilib, informasiya magistralının gələcəkdə faydalı bölgə ölkələri ilə elmi əlaqələrin genişləndirilməsi üçün faydalı ola biləcəyi vurğulanıb.
Diaspora