Amerikalı faşistlərin saytı Rusiya domenindən də çıxarıldı

Amerikalı faşistlərin saytı Rusiya domenindən də çıxarıldı backend

ABŞ neonasistlərinin saytı “Daily Stormer” Rusiyanın dövlət qurumu “Roskomnadzor”un tələbi ilə “ru” domen zonasından kənarlaşdırılıb.

İKT.lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu “Roskomnadzor”un rəhbəri Aleksandr Jarov deyib. “Rusiya qanunvericiliyi internetdə istənilən ekstremizm təzahürünə qarşı sərt rejim müəyyənləşdirib. The Daily Stormer” saytı neonasist ideologiyasını təbliğ edir, irqi, milli və digər sosial gərginlikləri qızışdırır. Bununla əlaqədar “Roskomnadzor” domen adlarını qeydə alan “RU-Center”ə müraciət edərək qısa müddətdə həmin saytın “ru” domen zonasında fəaliyyətinin dayandırılmasını xahiş edib. Qeydiyyat orqanı qanun əsasında bu xahişi yerinə yetirib” , - deyə A. Jarov söyləyib.

Xatırladaq ki, amerikalı neonasistlərin “The Daily Stormer“ saytı avqustun 15-də “ru” domeninə keçib. Səbəb odur ki, ABŞ-ın “GoDaddy” hostinq xidməti bu sayta xidmət göstərməkdən imtina edib. Qərar “The Daily Storm”da Şarlotsvill hadisələri zamanı ölən xanım haqqında təhqiramiz yazıların yayımlanmasından sonra verilib. Sayt bundan sonra “Google” hostinqinə keçmək istəyib, lakin bloklanıb. “The Daily Stormer”in “Twitter” səhifəsi də blok edilib.