İdlibdən sonra Cisr əş-Şuqur şəhərinin müxaliflərin nəzarətinə keçməsi Əsəd rejimini çətinə salıb.
Axar.az xəbər verir ki, Suriya ordusunun ard-arda aldığı ağır məğlubiyyətlər iqtidara müttəfiq olan ölkələri də düşünməyə vadar edib.Vəziyyətin getdikcə daha kritik hal alması fonunda Suriya hakimiyyətinə yaxınlığı ilə seçilən Tehrandakı Strateji Araşdırmalar və Beynəlxalq Əlaqələr Mərkəzinin direktoru Əmir Musəvi önəmli açıqlama ilə gündəmə gəlib.
Tehranın Əlcəzair səfirliyində çalışan diplomat özünün Feysbuk səhifəsində Suriya paytaxtının Dəməşqdən Tartusa, yaxud Latakiyaya köçürülməsini təklif edib.
İsrailin Suriyadakı terror təşkilatlarına dəstək məqsədli hücumları qarşısında İranın səssiz qalmayacağını irəli sürən Musəvi paytaxt Dəməşq İlə Qolan təpələri arasındakı bölgənin "İsrail ilə döyüş meydanı" məqsədilə İran və Hizbullaha təhvil veriləcəyini, bu arada rejim qüvvələrinin də digər şəhərlərdə terrorçularla mübarizə apara biləcəyini deyib.
İranlı diplomatın fikrincə, paytaxtın Tartus və ya Latakiyaya köçürülməsi BƏƏS rejiminin və müttəfiqlərin “sahil bölgəsində Nüseyrilər dövləti" yaratmaq kimi "B planı" ilə xarakterizə olunur.