Çinin tanınmış Hurun Report jurnalı dünyanın dollar milyarderlərinin ənənəvi reytinq cədvəlini açıqlayıb.
QAZİLƏR.AZ saytı bildirir ki, APA TV-nin məlumatına görə, reytinq cədvəlində 68 ölkədən 2089 milyarderin adı yer alıb. Milyarderlərin sayına görə, birinci yeri ABŞ tutur, bu ölkədə 537 milyarder var. İkinci pillədə isə 430 milyarderlə Çin yer alıb. Ötən il bu reytinq cədvəlində üçüncü yerdə təmsil olunan Rusiya yerini Hindistana güzəştə gedib. Hazırda Hindistanda 97, Rusiyada 93 milyarder var. Ötən il ərzində Hindistanda milyarderlərin sayı 27 nəfər artıb, rusiyalı milyarderlərin sayı isə 10 nəfər azalıb. Hurun Report hazırda Nyu-Yorkda 91, Moskvada isə 73 milyarderin yaşadığını yazır. Dünyada tüğyan edən maliyyə böhranı, neftin ucuzlaşması və tətbiq olunan sanksiyalar Rusiyanın ən varlı şəxslərinin 2/3 hissəsinin kapitalının azalmasına səbəb olub. Rusiyalı milyarderlərin ümumi məcmu kapitalı 5 faiz azalaraq 365 milyard dollar təşkil edib. Hindistanlı milyarderlərin malik olduğu kapitalın həcmi isə 266 milyarda çatıb. Reytinq cədvəlinə əsasən, ötən il dünyada milyarderlərin sayı 222 nəfər artsa da, ən varlı şəxslərin sahib olduğu sərvətin dəyəri 1,5 faiz azalıb. Dünya milyarderlərinin hamısı birlikdə 6,7 trilyon dollar sərvətə malikdir, bu, Yaponiya və Cənubi Koreyanın ümumi daxili məhsulunun həcmindən çoxdur.