ABŞ-da polis zorakılığına qarşı nümayişlər səngimək bilmir. Baltimorun ardından daha bir neçə şəhəri etiraz aksiyaları bürüyüb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Çikaqo, Los-Anceles, Oklend, həmçinin Vaşinqtonda Ağ evin qarşısına yığışmış etirazçılar qaradərili vətəndaşların ölümündə günahkar olan polis əməkdaşlarının məsuliyyətə cəlb olunmasını tələb edirlər.Ən iri nümayişlər Nyu-York şəhərində qeydə alınıb. Burada etirazçılar polisin sərt müdaxiləsi ilə qarşılaşıb. Nümayiş iştirakçılarının bir qrupu Hudzon çayının altından keçən tuneli bağlamağa cəhd göstərib. Nəticədə qanun keşikçiləri 111 nəfəri saxlayaraq polis bölməsinə aparıblar.
Baltimor şəhərində də komendant saatına baxmayaraq insanlar küçələrə toplaşıb. Lakin əvvəlki günlərdən fərqli olaraq burada aksiyalar dinc şəraitdə keçirilib. Şəhərin simfonik orkestri əhalini qarşıdurmalardan sonra dinc həyata dönməyə çağıraraq açıq səma altında pulsuz konsert təşkil edib.
Xatırladaq ki, aprelin 27-də polis tərəfindən saxlanılan zamanı həyatını itirən qaradərili Freddi Qreyin dəfnindən sonra Baltimor şəhərində nümayışlər başlayıb. Nümayişlərin ardından baş verən kütləvi iğtişaşlar soyğunçuluq və polisə qarşı zorakılıq halları ilə müşayiət olunub. Şəhərdə fövqəladə vəziyyət və komendant saatı rejimi elan edilib.
ABŞ-da son zamanlar polisin qaradərili vətəndaşlara qarşı lüzumsuz güc tətbiq etməsi səbəbi ilə tez-tez kütləvi iğtişaşlar baş qaldırır. 2014-cü ilin avqustunda silahsız Afrika əsilli şəxsin polis tərəfindən öldürülməsindən sonra Missuri ştatının Ferqüson şəhərində, daha sonra isə ABŞ-ın başqa bölgələrində, o cümlədən Nyu-Yorkda və Şimali Karolina ştatında yerləşən Çarlston şəhərlərində də buna bənzər hadisələr və etiraz aksiyaları qeydə alınmışdı.