Avropa İttifaqı “Siemens” şirkətinə məxsus qaz turbinlərinin qanunsuz olaraq Krıma aparılması ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiya tətbiq edib.
Qaziler.az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ Şurasından açıqlama verilib.
“Avropa İttifaqı qaz turbinlərinin Krıma aparılmasında iştirakı olan 3 Rusiya vətəndaşını və 3 şirkəti Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulmasına yönəlmiş fəaliyyətlərlə əlaqədar məhdudlaşdırıcı tədbirlərin təsiri altına düşən şəxslərin və qurumların siyahısına əlavə edib. Onların addımı Ukraynanın ərazi bütövlüyü və suverenliyini pozur”, - deyə açıqlamada bildirilir.
Sanksiyaya məruz qalan hüquqi və fiziki şəxslər aşağıdakılardır: Rusiya enerji nazirinin müavini Andrey Çerezov, nazirliyin departament rəhbəri Yevgeni Qrabçak, “Texnopromeksport”un baş direktoru Sergey Topor-Qilka, “Texnopromeksport” MMC və ASC, “Interavtomatika” QSC.
Xatırladaq ki, iyul ayının əvvəlində “Siemens” şirkəti Rusiya üçün nəzərdə tutulan qaz turbinlərinin qanunsuz olaraq Krıma aparıldığını açıqlayıb.