Qənirə Paşayeva köçkün düşmüş türkmənlərlə görüşüb

Qənirə Paşayeva köçkün düşmüş türkmənlərlə görüşüb backend

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərləri ilə görüşüb.

Lent.az-ın məlumatına görə, görüş zamanı İraqdakı vəziyyət, bu ölkədə yaşayan türkmənlərin vəziyyəti, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb.

İraqda türkmənlərin üzləşdiyi ciddi problemlər, beynəlxalq təşkilatların və ictimaiyyətin İraq türkmənlərinin vəziyyətinə biganə münasibəti barədə fikirlərini bölüşən Azərbaycanı “qardaş ölkə” adlandıran Ərşad Salihi, Azərbaycanla İraq arasında parlamentlərarası, hökumətlərarası münasibətlərin inkişafı ilə yanaşı, Azərbaycan türkləri ilə İraq türkləri arasında əməkdaşlığın artmasının vacibliyini də vurğulayıb.

Azərbaycan xalqının İraqda yaşayan bacı-qardaşlarını hər zaman düşündüyünü vurğulayan Q. Paşayeva qeyd edib ki, İraq, xüsusən də iraqlı soydaşlarımız, bizim “iraqlı azərbaycanlılar” dediyimiz türkmənlar vəsiləsi ilə Azərbaycana doğma ölkələrdəndir: “Orada yaşananlar hər zaman Azərbaycan tərəfindən daim diqqətlə izlənir. Özəlliklə, son günlər İŞİD tərəfindən İraqda həyata keçirilən insanlıq dramı və İraqda türkmənlərin vəziyyətinin daha da gərginləşməsi bizi də dərindən narahat edir. Bu hadisələr zamanı qətlə yetirilmiş türkmən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Bu kimi halların təkrarlanmamasını istəyirik. Öz evindən köçkün düşmüş minlərlə insanımız, onların ağır vəziyyəti da hamımız ciddi narahat edir”.

Görüşün sonunda Q. Paşayeva Ə. Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərlərinə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, film və materialları təqdim edib.

Sonda Q. Paşayeva İraqdakı dəhşətli vəziyyətdən qaçaraq İstanbula gəlmiş köçkün türkmənlərlə görüşərək humanitar yardımın paylanmasında iştirak edib. Millət vəkili həmçinin İraq türkmanlarının qadın təşkilatları ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb.
Diaspora