Qaziler.az AZERTAC-a istinadən xəbər verir ki, Vaşinqtonda ABŞ Prezidenti Barak Obama və Yaponiyanın Baş naziri Şinzo Abenin görüşü olub. Görüşdən sonra keçirilən mətbuat konfransında Barak Obama və Şinzo Abe bildiriblər ki, hər iki ölkənin alyansı dünyada sülhə nail olunmasında mühüm rol oynayır.
Yaponiya kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, onlar, həmçinin Trans-Sakit Okean Tərəfdaşlığı çərçivəsində iki ölkə arasında danışıqlarda müəyyən tərəqqinin əldə edilməsini alqışlayaraq, son razılaşmaya nail olmaq üçün birgə səylərini davam etdirəcəklərini bildiriblər.Ş.Abe və B.Obama Çinin dənizdə artan fəallığını tənqid ediblər.
B.Obamanın sözlərinə görə, ABŞ-ın Yaponiyanın təhlükəsizliyini təmin edəcəyi barədə vədi şərtsizdir və Şərqi-Çin dənizindəki Senkaku adaları ABŞ və Yaponiya arasında qarşılıqlı əməkdaşlıq və təhlükəsizliyin təmini barədə müqavilə ilə qorunur. Bu adalara Çin və Tayvan da iddialıdır.
Okinava prefekturasanın daxilində ABŞ dəniz piyadaları korpusunun yerdəyişməsi məsələsinə toxunan B.Obama bildirib ki, Yaponiya və ABŞ yerli sakinlərin bu bazanın saxlanması ilə bağlı yükünü yüngülləşdirməyə çalışacaqlar.
Ş.Abe isə qeyd edib ki, Futemma bazası ilə bağlı narahatlığı aradan qaldırmaq üçün onun daha az məskunlaşmış Henoko rayonuna köçürülməsini təmin etmək niyyətindədir. Hazırda həmin baza əhalinin daha sıx yerləşdiyi ərazidədir. Yaponiyada olan ABŞ bazalarının 70 faizindən çoxu Okinava prefekturasında yerləşir.