“Ötən il Rusiya ilə ticarət əlaqələrində 3 milyard dollar itirmişik” “Ukraynada hansısa hərbi, mülki qarşıdurma getmir. Bu, doğrudan da müharibədir. Separatçıların arxasında Rusiyanın peşəkar ordusu dayanır. Biz heç vaxt belə bir müharibənin olacağını təsəvvür edə bilməzdik. Ötən il biz Rusiya ilə ticarət əlaqələrində düz 3 milyard dollar itirmişik”.
APA-nın xəbərinə görə, bunu Bakı III Qlobal Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edən Ukraynanın sabiq prezidenti Leonid Kuçma deyib.L. Kuçma bildirib ki, Rusiya Ukraynanı özündən uzağa buraxmaq istəmir: “Bunu hamı bilir. Geosiyasi cəhətdən Rusiya və Ukrayna bir-birinə bağlıdır. Azərbaycanın 20 faiz torpaqları işğal olunub, üstəgəl Ukrayna problemi... Hazırda heç kimdə “Beynəlxalq qurumlar nəsə edə bilər” fikri yoxdur. Biz Rusiya ilə müharibə apara bilmərik, bu, mümkünsüzdür. Başqa yollar axtarmalıyıq. Bizim qarşımıza sülh üçün qəbul olunmaz şərtlər qoyulub. Dünən burada Rusiya nümayəndəsi Ukraynanın gələcəkdə federasiya olacağını dedi. Onun diqqətinə çatdırmaq istəyirəm ki, tarixdə heç bir ölkədə federasiya yuxarıda yaranmayıb, federasiya həmişə aşağıdan yaranıb”.