Doha Səudiyyə Ərəbistanı və BƏƏ-nin terroru maliyyələşdirdiyini təsdiqləyən sənədləri açıqladı, kompromatda ABŞ-a da “mesaj” var
Qətər və 4 ərəb ölkəsi arasında böhranın davam etdiyi bir vaxtda yeni qalmaqal ortaya çıxıb. “Əl-Məyadin” telekanalı Dohanın əlində Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yəməndə fəaliyyət göstərən əl-Qaidə və İŞİD liderləri ilə əlaqələri sübut edən sənədlərin olduğunu xəbər verib.Telekanalın məlumatına görə, Qətərin Vaşinqtondakı səfirliyindən 2016-cı il oktyabrın 26-da xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ali Saniyə göndərilən diplomatik sənədlərdə Səudiyyə ərəbistanı vəliəhdi Məhəmməd ibn Salman və Əbu Dabi vəliəhdi Məhəmməd ibn Zaidin Yəmən əl-Qaidəsinin liderləri ilə əlaqələrinin olduğu əks olunurmuş.
ABŞ xəzinə departamenti rəhbərinin terrorizmlə mübarizə üzrə müavininə istinad edilən rəsmi sənəddə Məhəmməd ibn Salman və Məhəmməd ibn Zaidin Əliəkbər əl-Həsən və Abdullah Feysəl əl-Əhdəl adlı iki yəmənli ilə mütəmadi şəkildə əlaqə saxladığı qeyd olunur. Bu şəxslərin adları əl-Qaidə ilə bağlı olduqları səbəbindən ABŞ hökumətinin embarqo siyahısında yer alıb.
Kəşfiyyat məlumatında əl-Qaidənin bu iki liderinin fəaliyyətləri və eləcə də Səudiyyə Ərəbistanı Kəşfiyyat Xidməti rəhbəri Xalid ibn Əli ibn Abdullah əl-Humeydanın Əli Əkbərə silah alaraq İŞİD-ə verməsi üçün birbaşa pul verdiyi haqqında məlumatlar yer alır. ABŞ Xəzinə Departamentinin rəsmi sənədində nazir müavininin Amerikanın əl-Qaidənin Yəməndə və qonşu ölkələrdəki təsir gücünün artmasından narahat olduğu və Məhəmməd ibn Salmanın Vaşinqtonla razılaşdırmadan əl-Qaidə və digər radikal silahlı qruplarla əməkdaşlıq etməsindən narazı olduğu əksini tapıb.
Hələlik adları qeyd olunan ölkələrin reaksiyası olmasa da, bu sənədlər Qətər və körfəz ölkələri arasında yaranmış böhranın növbəti mərhələsinin başlamasına işarədir. Doha ilk dəfə olaraq onu ittiham edən ölkələri eyni arqumentlərlə “vurur”. Bu sənəd kifayət qədər mötəbər mənbəyə istinad edir və faktiki olaraq Yəməndə Səudiyyə və BƏƏ-nin terror təşkilatlarını maliyyələşdirdiyini təsdiqləyir. Halbuki ərəb adları qeyd olunan ərəb ölkələri Qətəri məhz Yəməndə terroru maliyyələşdirməkdə ittiham edirdilər. Bu sənədlər isə əksini sübut edir və iki ölkəni konkret zərbə altında qoyur.
Digər tərəfdən, bu sənəd ABŞ-dan verilib və bir mənada Vaşinqtona mesajdır. Çünki məlum olur ki, İŞİD və əl-Qaidəyə qarşı beynəlxalq mübarizə koalisiyası quran ABŞ ən yaxın müttəfiqlərinin terroru dəstəklədiyini bilib və bundan sadəcə “narahat” olub. Bu sənədi açıqlamaqla Doha həm də okeanın o tayına mesaj göndərərək üzərinə daha çox gələcəkləri təqdirdə ifşa kampaniyasının davam edəcəyinə işarə edib.
Ehtimal ki, qarşı tərəf də yaxın günlərdə Qətərin Yaxın Şərqdə və digər “qaynar” bölgələrdə hansı silahlı ekstremist qruplara yardım etməsi ilə bağlı sənədlər açıqlayacaq. Çünki daha əvvəl və elə indi də hər iki tərəf bu və ya digər şəkildə silahlı üsyançı qrupları dəstəkləyib. Təbii ki, bu kompromatlardan sonra Vaşinqtonun sürətli müdaxiləsi ilə tərəflərin daha “dərinə” getməməsi üçün zəruri addımlar atılacaq. Ancaq istənilən halda Qətərin açıqladığı sənədlər təkzib olunsa belə həm körfəz ölkələri, həm də Vaşinqton üçün ciddi siyasi-diplomatik zərbə sayıla bilər.
Musavat.com