Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 250 nömrəli tam orta məktəbin XI sinif şagirdi Murad Sücəddinov və kimya-biologiya təmayüllü respublika liseyinin yetirməsi Aydan Xələfli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin müşaviri Nigar Ağayeva Parisdə keçirilən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA) forumunda ölkəmizi təmsil ediblər.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) üzvü olan Bakı məktəbliləri tədbirdə təqdimatla çıxış ediblər. Tədbirin məqsədi Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə (ENOC) üzv seçilən 11 təsisatın, o cümlədən Azərbaycan Ombudsman təsisatının iştirak etdiyi “Hörmət, məlumat və fikrə aparan yol – gənclərin identikliyinin və münasibətlərinin araşdırılması və onların səlahiyyətləndirilməsi” layihəsinin icrası ilə bağlı görülən işlərin təqdimatı, təcrübə mübadiləsi və uşaqların mövzu üzrə təkliflərinin onların iştirakı ilə müzakirə etmək olub.Hazırlanan təkliflər bu ilin sentyabrında ENOC-un XXI illik konfransında qəbul ediləcək bəyanatda nəzərə alınacaq.