Pekində çincə-azərbaycanca lüğətin təqdimatı olub

Pekində çincə-azərbaycanca lüğətin təqdimatı olub backend

Azərbaycan və Çin arasında bütün sahələr üzrə qarşılıqlı əlaqələr bu gün daha da intensivləşərək yeni mərhələyə qədəm qoyub.


Çin ərazilərindən istiqamət götürən böyük İpək yolu Azərbaycandan keçməklə Avropa dövlətlərinə qədər uzanır. İqtisadi-siyasi və mədəni əlaqələrin genişləndirilməsində böyük potensiala malik olan hər iki dövlət xalqlarımız arasında tarixi bağlılığın daha da möhkəmləndirilməsi, mədəniyyət mübadiləsinin inkişaf etdirilməsində də bütün imkanlardan səmərəli istifadə edir.

QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, belə əlamətdar layihələrdən biri də çincə-azərbaycanca ilk lüğətin nəşridir. Çinin Beynəlxalq Dostluq Tədbirlərinin və Festivalların təşkilat komitəsinin ev sahibliyi, Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə Pekində lüğətin təqdimatı olub. Mərasimdə Çinin Təhsil və Mədəniyyət nazirliklərinin məsul şəxsləri, universitet rəhbərləri, Çinin İslahatlar və Təşviqat Komitəsinin rəsmiləri, tanınmış elm xadimləri, ziyalılar iştirak ediblər.

Çinin Beynəlxalq Dostluq Tədbirlərinin və Festivalların təşkilat komitəsinin sədri Çuy Yun An “Bir kəmər, bir yol” təşəbbüsünün əhatə etdiyi ölkələrdən olan Azərbaycanın əhəmiyyətini vurğulayıb, dövlətlərimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın yüksək templə inkişafı üçün hər iki ölkənin fəallıq nümayiş etdirdiyini söyləyib, çincə-azərbaycanca lüğətin hazırlanması və nəşrini bu istiqamətdə mühüm addım kimi dəyərləndirib.

Lüğətin müəllifi - Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi, Azərbaycan-Çin Əməkdaşlığı İctimai Birliyinin sədri Rəşad Kərimov bildirib ki, 17 illik tədqiqatların nəticəsi olan nəşr dövlətlərimiz arasında əlaqələrin yüksək templə inkişafı, xalqlarımızın bir-birinin tarix və mədəniyyətinə qarşılıqlı maraqlarının artması zərurətindən yaranıb. Lüğət Çində təhsil alan azərbaycanlı tələbələr, Çin dilini öyrənənlər, eləcə də Azərbaycan dilini öyrənən çinli mütəxəssislər üçün faydalı olacaq.

Kitabın Çin tərəfindən redaktoru, tanınmış dilçi alim Yu Libin azərbaycanlı alimin tərtib etdiyi lüğəti yüksək dəyərləndirib, onu xalqlarımız arasında mədəni əlaqələrin intensivləşməsində mühüm nailiyyət adlandırıb.

Azərbaycanın Çindəki müvəqqəti işlər vəkili Mətin Mirzə, Azərbaycan-Çin Əməkdaşlığı İctimai Birliyinin sədr müavini Şahmar Hacıyev və başqaları çıxış edərək iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi mühüm sahələrdə əməkdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədə olduğunu vurğulayıb, “Bir kəmər, bir yol” strategiyası çərçivəsində dövlətlərimizin geniş əməkdaşlıq imkanlarını qeyd ediblər.

Tədbir zamanı siyasi elmlər üzrə fəlsəfə doktoru R.Kərimova Pekin Dillər və Mədəniyyət Universitetinin fəxri professoru diplomu təqdim edilib.

Sonda Çinin Beynəlxalq Dostluq Tədbirlərinin və Festivalların təşkilat komitəsi ilə Azərbaycan-Çin Əməkdaşlığı İctimai Birliyi arasında gələcək birgə planlara dair niyyət protokolu imzalanıb.
Diaspora