Səudiyyə Ərəbistanı Krallığının Cəza Məhkəməsi İranın xüsusi xidmət orqanlarına işləyən 32 nəfərdən ibarət casus şəbəkəsinin üzvlərinə hökm çıxarıb. Axar.az xəbər verir ki, İrana casusluqda günahlandırılan şəbəkə üzvlərindən 15-i edama, 15-i uzunmüddətli həbsə məhkum edilib, 2 nəfər isə bəraət alıb.
Şəbəkə üzvlərindən 30-u Səudiyyə Ərəbistanının vətəndaşı, biri iranlı, digəri isə əfqandır.İran kəşfiyyatı (ETTELAAT) ilə əməkdaşlıqda günahlandırılan həmin şəxslərin əksəriyyəti ölkənin hərbi və diplomatik korpuslarında işləyib. Məhkəmənin bildirdiyinə görə, müttəhimlər ölkənin hərbi sahələrinə aid bir sıra mühüm, həssas sənəd və məlumatları toplayaraq İranın xüsusi xidmət orqanlarına, o cümlədən də ETTELAAT-a ötürüblər.
Xatırladaq ki, Səudiyyə Krallığının Daxili İşlər Nazirliyi 2013-cü ilin mart ayında bəyanat yayaraq Məkkə, Mədinə, Ər-Riyad və ölkənin şərq bölgələrində gizli fəaliyyət göstərən İrana bağlı casus şəbəkəsi üzvlərinin tutulması haqda xəbər vermişdi.