Avropa Birliyi Yunanıstanın Rusiya ilə yaxınlaşmaq istəməsindən narahatdır. Bu mövqeni Avropa Parlamentinin rəhbəri Martin Şults göstərib.
"Yunanıstanın Rusiya ilə yaxınlaşmaq istəyi məni çox narahat edir"- deyə Şults bildirib. Onun sözlərinə görə, Yunanıstanın yeni hökuməti bir qədər təcrübəsizdir. Buna görə də ölkəyə yardım edən Avropa Birliyi ilə əlaqələrə lazımınca qiymət vermir. Bundan başqa Şults bildirib ki, yeni baş nazir Aleksis Tsipras Almaniyanın kansleri Merkeli hədəfə götürməyi dayandırmalıdır. Çünki Yunanıstana yardımların ayrılması işinin başında Almaniya dayanır. Shultz Yunanıstana verilən borcun silinməsi ideyasına da mənfi baxır. Yunanıstanın yeni hökuməti bildirir ki, ölkə heç vaxt altından çıxa bilməyəcəyi borc yükü altındadır və bu məsələyə yenidən baxılmalıdır. Rusiya isə öz növbəsində Yunanıstana yardım etməyə hazır olduğunu bildirib.