NASA başqa planetlərdə həyatı araşdırmaq üçün alimlərin koalisiyasını yaradır.
NASA başqa planetlərdə həyatın mövcud olub-olmadığını araşdırmaq üçün öz yanaşmasını dəyişmək qərarına gəlib. İKT.lent.az-ın xəbərinə görə, agentlik “Nexus for Exoplanet System Science” (NExSS) təşəbbüsü yaradıb. Bu təşəbbüs çərçivəsində astrofizika, Yer, Günəş və didər planetləri öyrənən elm adamları bir araya gətirilərək bir növ, alimlərin koalisiyası yaradılacaq.NASA hesab edir ki, Yerdən kənar həyatların axtarışında kollektiv bilik və təcrübələrin tətbiqi qarşıya qoyulan vəzifələrin həllində mühüm perspektivlər vəd edə və yeni tədqiqat istiqamətlərinin açılmasına imkan yarada bilər. “Bu təşəbbüs ən görkəmli tədqiqatçılar komandasını bir araya gətirib, yaşayış üçün yararlı olduğu ehtimal edilən yeni planetlərin axtarışında onların əlaqəli şəkildə çalışmasını təmin edəcək. Lakin yeni ekzoplanetlərin axtarışı astronomiya üçün yeganə prioritet vəzifə deyil. Bu sahəyə yeni dünyaların iqliminin öyrənilməsi də daxildir”, - deyə NASA-nın planetşünaslıq bölməsinin rəhbəri Cim Qrin söyləyib.
NASA ümid edir ki, alimlər qrupu təkcə bu və ya digər planetdə məskunlaşmanın mümkün olub-olmadığını müəyyənləşdirməklə kifayətlənməyəcək, eyni zamanda belə planetləri daha detallı öyrənmək üçün texnologiya işlənib hazırlanmasına nail olacaq.