Azərbaycan vətəndaşı İŞİD-çi AKP-nin qurultayını partlatmaq istəyirdi...

Azərbaycan vətəndaşı İŞİD-çi AKP-nin qurultayını partlatmaq istəyirdi... backend

Ankara valisi mayın 21-nə keçən gecə polislərin keçirdiyi əməliyyat zamanı qaldıqları evdə öldürülən iki İŞİD terrorçusunun hakim AKP-nin ötən gün keçirilən qurultayına qarşı terror hücumu planlaşdırdıqlarını açıqlayıb.


Virtualaz.org xəbər verir ki, vali Topaca həmin terrorçuların xarici ölkə vətəndaşları olduqlarını deyib, lakin hansı ölkənin pasportunu daşıdıqlarını bildirməyib. Valinin sözlərinə görə, terrorçuların qaldıqları mənzildə iki “Kalaşnikov” avtomatı, çoxsaylı patronlar, əl qumbaraları və uzun mənzilli atıcı silah patronları ələ keçirilib.

Xəbər verdiyimiz kimi həmin terrorçuları Ankaraya Azərbaycan vətəndaşlığı daşıyan, kimliyi hələlik açıqlanmayan İŞİD üzvü aparıb və mənzildə yerləşdirib. Polis həmin şəxs İstanbulda yaxalayıb və onun verdiyi ifadə əsasında Ankaraya terror aktı həyata keçirmək üçün göndərilən digər iki İŞİD üzvünə qarşı təcili əməliyyat keçirib.İstanbul polisi Azərbaycan vətəndaşı olan həmin İŞİD-çini neçə vaxtdır izləyirmiş. Onun avtomobil kirayələyərək Ankaraya getməsindən sonra polis hərəkətə keçib, terrorçu yaxalanıb və ifadəsində terror hücumu həyata keçirmək üçün Ankaraya iki İŞİD-çi apardığını etiraf edib.

Öldürülən terrorçular 25-30 yaşlarındadır, onların qaldıqları evdən aşkar edilən dəlillər araşdırılır. Xatırladaq ki, ötən gün AKP növbədənkənar qurultay keçirib, prezident Ərdoğan partiyanın sədri seçilib.