Türkiyə tarixinin şanlı səhifələrindən biri 1915-ci ilin mart ayında Çanaqqalada yazılmışdır. İşğala, əzilməyə, yox olmağa, əcnəbi hakimiyyətinə razı olmayan və “xəstə adam” adlandırılan bir xalq, yoxluqdan özünü var etmişdir. Yeddi ayrı cəbhədə hegemon dövlətlərə qarşı vuruşan Anadolu ərənləri “Çanaqqala keçilməz” şüarı ilə sinələrini mərmilərə sipər edərək son damla qanlarına qədər Çanaqqala boğazından düşmən gəmilərinin keçməsinə icazə verməmişdilər.
Əslində Osmanlı dövlətinin müharibəyə qatılmasından sonra qərb dövlətləri Boğazlar məsələsini əsas gündəmə aldılar. Bu münasibətlə Londonda toplanan savaş məclisi, Çanaqqala Boğazından İtilaf dövlətlərinin hərbi gəmilərinin keçilməsinə qərar verdi. Düşmənin planına görə Antanta donanması Çanaqqala Boğazını keçməklə Rusiyaya kömək çatdıracaq, beləliklə Almaniya qarşısında mübarizə aparan Rusiyaya yardım aparılarkən, qərb dövlətlərinin, xüsusən İngiltərə və Fransanın yükü bir az azaldılacaqdı. Çanaqqala Boğazının hədəf seçilməsi xüsusi düşünülmüşdü. Çünkü o dönəmdə boğazın müdafiəsi sadəcə 20 topla təmin olunurdu. Cəbbəxana da olduqca az idi və düşmən bunu yaxşı bilirdi.Lakin düşmənin unutduğu bir şey vardı. O da Türk millətinin tarixdən gələn üstün savaş qabiliyyətinə sahib olmasıydı. Halbuki, tam Çanaqqala müharibələrindən qısa bir müddət əvvəl Balkan müharibələrində Osmanlı dövləti böyük bir məğlubiyyət almış, 3 həftə içində torpaqlarının 5/1-ini itirmiş, Meriç çayına qədər Avropadakı torpaqları əlindən çıxmış, ordusu dağılmışdı. Lakin qısa müddət ərzində Türk ordusu yenidən şəkillənmiş, düşmənin ağlına gəlməz dərəcədə özünə güvəni təmin etmişdi.
İngilis və fransızların Çanaqqalaya dənizdən hücum üçün son hazırlıqları 1915-ci ilin fevral ayına doğru yekunlaşdı. Fevralın 19-da səhər saatlarından etibarən isə güclü hücum başlandı. Lakin gözlənilən nəticə zəif idi. Çünki gəmilərdən atılan top mərmilərinin çoxu Türklərin mövqelərinə düşmədi. Bu arada ingilis gəmiləri Çanaqqala şəhəri yaxınlarına qədər irəliləyərək mina axtarma və təmizləmə işlərini gördülər.
DÖYÜŞ BAŞLADI...
18 Mart günü ingilis və fransız gəmiləri tərəfindən böyük bir hücum başladı. 16 hərbi gəmi boğaza girərək Türk mövqelərini atəşə tutdu. İngilislər bu dəfə zəfər qazanacaqlarından əmin idilər. Dövrün İngilis Dəniz Qüvvətləri naziri Çörçill belə deyirdi: “Çanaqqalaya Quin Elizabethi də göndərdik. O, dünyanın ən qorxunc zirehli gəmisidir. Türk mövqeləri nədir ki? Bir neçə top atışıyla Çanaqqalanı alt-üst edəcəyik”
Lakin düşmən gəmiləri heç gözləmədikləri anda Türk mövqelərindən yaylım atəşləri açıldı. Tüstüdən heç bir yerin görünmədiyi bir anda ingilislərin “Bouvet” gəmisi batırıldı. Onun yerinə keçmək istəyən “İrresistible” gəmisi də eyni aqibəti yaşadı. Davamında “Ocean”, “İnglexible”, “Suftren” və “Gaulois” gəmiləri boğazın buz kimi sularına qərq oldu. Bu nəticə düşmən donanması üçün fəlakət demək idi. Elə də oldu. İngilis və fransızlar geri çəkilməyə başladılar. Beləliklə, düşmən orduları geri oturduldu. Antantanın Çanaqqalanı keçərək Rusiyaya kömək aparmaq planları alt-üst oldu.
Dəniz savaşlarında müvəffəq olmayan Antanta dövlətləri bu dəfə quru hücumuna hazırlaşdılar. Bu məqsədlə ingilis, fransız, Avstraliya, Yeni Zelandiyadan və digər müstəmləkə bölgələrindən toplanmış ordular ingilis general Hamiltonun rəhbərliyi ilə toplandı. Osmanlı orduları isə alman generalı Liman Von Sanders komandanlığının altında düşmənin hücumunu gözləməyə başladı. Aprelin 25-də səhər fransızlar Gəlibolu yarımadasına çıxdılar. Lakin Türk ordusu tərəfindən qarşıları alındı. Uzun müddət boyunca iki tərəf arasında bəzən şiddətli, bəzən zəif savaşlar getdi. Ancaq heç bir tərəf üstünlük əldə edə bilmədi. Avqustun 6-7-də gecə ingilislər böyük bir hücuma başladılar. 4 gün davam edən bu hücum Mustafa Kamal Atatürkün səyləri nəticəsində dayandırıldı. Düşmən irəliləyə bilməyəcəyini artıq anladı, dekabrın 19-20-dən etibarən də quru döyüşlərinə son verərək geri çəkilməyə başladı.
Beləliklə, fevral ayından dekabra qədər davam edən Çanaqqala savaşlarında ingilislər 205 min, fransızlar 47 min itki verdilər. Şübhəsiz, güclü qərb ölkələrinin hücumuna məruz qalan Osmanlı ordusunun itkisi daha çox, 253 min idi. Vətən torpağını canından çox sevən 253 min insan şəhid oldu, lakin torpağına düşmən ayağı toxundurmadı.
Çanaqqalada ən böyük məğlubiyyət ingilislərə oldu. “Üzərində günəş batmayan” ölkə imici çökdü. Çörçillin planları baş tutmadı. Ingilislərin güclü donanması boğazda məhv oldu. Antanta dövlətlərinin boğazı keçərək ruslara kömək aparması xəyalları dənizdə boğuldu. Nəticədə iqtisadi və siyasi cəhətdən çətin günlər keçirən Rusiyada inqilab baş verdi və Rusiya müharibədən çəkildiyini açıqladı.
Bu zəfər Türklər arasında milli mücadilə ruhunun dirçəlməsinə səbəb oldu. XIX əsrdən bəri ümumiyyətlə hərb meydanlarında məğlub olan Osmanlının qazandığı ən böyük zəfər kimi Türk toplumu üzərində müsbət təsir yaratdı.
Anadolu, düşməninin çox güclü, təchizatlı, amansız, vicdansız olduğunu yaxşı bilirdi. Lakin öz qəlbində və ruhunda daşıdığı iman gücünün dünyadakı bütün güclərdən üstün olduğunu da hər kəsdən yaxşı dərk edirdi. Beləliklə, vuran qoluna qüvvət verən iman və ilhamıyla “Çanaqqala keçilməz” deyib yeri, göyü titrətdi, düşmən əsgərlərinin Çanaqqalada məzarını qazdı.
Azərbaycanlıların Çanaqqalada iştirakı
Çanaqqalada Azərbaycandan da könüllü əsgərlərin vuruşduğuna və orada şəhid olduğuna dair mənbələrdə məlumatlar vardır. Bakı, Gəncə, Naxçıvan, Təbriz, Dərbənd və Azərbaycanın müxtəlif yerlərindən təqribən 3000 nəfər Osmanlı, o cümlədən Çanaqqala savaşlarında vuruşublar. Arxiv materiallarında rast gəlinən bəzi faktları Çanaqqaladakı azərbaycanlıların iştirakını sübut edən məzarlar tamamlayır.
Osmanlı hökumətinin maliyyə və təşkilati dəstəyi ilə Qafqaz Komitəsi qurulmuşdu. Komitənin tərkibinə azərbaycanlıların nümayəndələri, o cümlədən Səlim bəy Behbudov da daxil edilmişdi. O, Parisdə Siyasi Elmlər Məktəbində sonralar türk kommunistlərinin rəhbəri Mustafa Sübhi ilə birlikdə təhsil almışdı. Dünya müharibəsinin başlanmasına bir il qalmış Şuşaya gəlmişdi. Müharibə başladıqdan sonra isə fəaliyyətində yeni bir dövr başlamışdı.
Komitənin təbliğatı sayəsində azərbaycanlılar xəlvəti yollarla Osmanlı ərazisinə keçərək türk ordusunun cərgələrində döyüşürdülər. Onların Osmanlıya keçməsinə dair çar Rusiyasının jandarma sənədlərində də müəyyən məlumatlar vardır. Məsələn, Lənkəran qəza rəisi 1915-ci il 15 avqust tarixli tam məxfi məktubunda Bakı qubernatoruna yazırdı ki, Xəzərdə olan alman-türk sualtı qayıqları ilə mis, silah və digər şeylər daşına bilər. Bakı qubernatoru bu məlumatı 1915-ci il 28 avqust tarixli 1577 saylı tam məxfi məktubu ilə Qafqaz canişinliyinə göndərdi. Canişinlik agentura işini genişləndirməyə dair göstərişlər verdi. Bütün imperiya ərazisində türkçülər və panislamçılar izlənilməyə başlandı.
Azərbaycanlıların Osmanlı tərəfə keçərək döyüşmələrini milli-azadlıq hərəkatının görkəmli nümayəndəsi Mirzə Bala Məmmədzadə də öz əsərlərində vurğulayırdı. O yazırdı ki, Qafqaz Komitəsinin üzvü Səlim bəy Behbudov müəyyən siyasi məqsədlər üçün sualtı qayıqla Qafqaz sahillərinə gedərək oradan da Azərbaycana keçirdi. Qafqaz Komitəsinin fəaliyyəti dövründə Türkiyə ordusuna Azərbaycandan gizli olaraq könüllülər axırdı. Ancaq könüllülərin sayı haqqında heç bir məlumat verilmir.
Nə qədər yardımlar edilsə belə, Çanaqqala zəfərini türk xalqı qazandı. Edilən yardımlar müəyyən dərəcədə rol oynadı. Lakin bunlar qardaşlıq bağlarının nümunəsi, ən mürəkkəb və çətin anlarda bir yerdə olmağın nümunəsi idi.
Sevda Elay (Əsgərova)
• Mənbələr: İbrahim Artuç: “1915 Çanakkale Savaşı” kitabı, Canakale savaşı –vikipediya və millət vəkili, professor Musa Qasımova istinadən hazırladı: