Seçkilərdə ölkənin milli təhlükəsizliyi qorunmalıdır. Buna riayət etməyən hər kəs möhkəm sillə cavabı alacaq.
Axar.az xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Əli Xamenei mayın 10-da SEPAH-a bağlı İmam Hüseyn Universitetinin tələbələri ilə görüşərkən deyib. O, qarşıdan gələn seçkilərdən və prezidentliyə namizədlərin apardıqları təbliğat kampaniyalarında bir-birlərinə qarşı səsləndirdikləri təxribat xarakterli bəyanatlardan danışıb.Prezidentliyə namizədlərə və onların tərəfdarlarına xəbərdarlıq edən Xamenei deyib ki, düşmən gələn həftənin cümə günündə keçiriləcək prezident seçkiləri zamanı ölkədə fitnə və üsyan qaldırmaq niyyətindədir:
“Seçkilər həm ölkənin yüksəlişinə və onun imicinin qorunub saxlanılmasına, həm də onun zəiflənməsinə və mövcud problemlərinin artmasına gətirib çıxara bilər. Əgər prezidentliyə namizədlər və onların tərəfdarları öz sözləri və çıxışları ilə düşməni sevindirib ümidvar etsələr, seçkilər bizim ziyanımıza olacaq. Qarşıdan gələn seçkilərdə ölkənin milli təhlükəsizliyi qorunmalıdır. Buna riayət etməyən, ölkənin milli təhlükəsizliyinə qarşı üsyana qalxan hər kəs möhkəm sillə cavabı alacaq.
Düşmənin qısa müddətli hədəflərindən biri milli təhlükəsizliyimizi pozmaq, ölkədə xaos yaratmaq, fitnə və üsyan qaldırmaqdır. Lakin əgər bizim hazırlığımız olsa, düşmənin bu niyyət və fitnəsini sözsüz ki, zərərsizləşdirə biləcəyik”.
Xamenei öz çıxışında prezidentliyə namizədlərin heç birinin adını çəkməsə də, onun təhdid dolu xəbərdarlığının İran Prezidenti Həsən Ruhaniyə ünvanlandığı açıq-aşkar hiss olunur. Çünki son günlər İranın müxtəlif şəhər və əyalətlərinə səfər edən Ruhani öz tərəfdarları qarşısında çıxış edərək əsas rəqibi sayılan İbrahim Rəisiyə (Xameneinin namizədi) qarşı dolayısyla sərt ittihamlar səsləndirib. Mayın 8-də isə Həmədanda tərəfdarları qarşısında çıxış edən Ruhani ölkə əhalisi arasında siyasi məhbusların cəlladı və “Ayətullah Edam” ləqəbləri ilə tanınan İbrahim Rəisini ölkədə dinc müxaliflərə qarşı həyata keçirilmiş qanlı repressiyalarda günahlandırıb. “İran milləti son 38 ildə edam və zindandan başqa əlindən bir iş gəlməyənləri qəbul etmir, istəmir”, - deyə o bildirib.
Xatırladaq ki, İbrahim Rəisi 1988-ci ildə ölkə zindanlarındakı minlərlə günahsız siyasi məhbusun gizli şəkildə kütləvi qətliamını sürətləndirmək üçün o vaxtkı dini lider ayətullah Ruhullah Xomeyninin əmri ilə yaradılmış “Ölüm heyəti”nin başçısı vəzifəsində çalışıb. Həmin vaxt ölkə prokurorunun müavini vəzifəsini tutan İbrahim Rəisinin cəmi 28 yaşı olub.
İranda növbəti prezident seçkiləri bu il mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.