Səfir: “Türkiyə 1915-ci il hadisələrini müzakirə etməyə hazırdır, amma Ermənistan boyun qaçırır“

Səfir: “Türkiyə 1915-ci il hadisələrini müzakirə etməyə hazırdır, amma Ermənistan boyun qaçırır“ backend

1915-ci il hadisələrini aydınlaşdırmaq üçün bu məsələni ermənilərin başına gələnlər nöqteyi-nəzərindən yox, geniş aspektdə nəzərdən keçirmək lazımdlr.

Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun “This week in focus” verilişi zamanı bildirib.

Səfir qeyd edib ki, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən il aprelin 23-də baş nazir olarkən verdiyi bəyanatda deyildiyi kimi, Türkiyə o vaxt ermənilərin çəkdiyi əzabları və onların hisslərinə hörmət edir.

Lakin onun sözlərinə görə, 1915-ci il hadisələrini daha yaxşı anlamaq üçün 19-cu əsrin ortalarına qayıtmaq, bütün məsələlərin kökünü araşdırmaq lazımdır və bu, tamamilə mümkündür.

O, Osmanlı İmperiyasının başına gələnləri və o zaman böyük dünya oyunçularının bu dövləti parçalamaq üçün etdiklərini anlamaq lazımdır.

İ.A.Coşqun vurğulayıb ki, Ermənistan bu məsələyə həddən artıq doqmatik və birtərəfli yanaşmanı müdafiə edir.

Avropa Parlamentinin qərarına toxunarkən, səfir təəssüflə bu qurumun da eyni səhvi təkrarladığını deyib.

“Onlar da birtərəfli yanaşma nümayiş etdirdilər ki, bu, daha kompleksli mahiyyətə malik olan tarixi faktlara qarşı ədalətsizlikdir və hörmətsizlikdir. Məhz buna görə, biz qətnaməyə belə sərt reaksiya verdik”.

Diplomat qeyd edib ki, Avropa Parlamenti qərar qəbul edərkən 1948-ci ilin soyqırım konvensiyasına istinad edib: “Məhz bu da qərar üçün əsas olub – Türkiyə “soyqırım”ı tanımalıdır. Amma beynəlxalq münasibətlər fakültəsinin istənilən tələbəsi belə yaxşı bilir ki, bu cür məsələlər məhkəmə vasitəsi ilə həll olunmalıdır”.

Səfir vurğulayıb ki, burda Türkiyənin də tanıdığı ermənilərin tarixi hisslərindən söhbət getmir: “Biz sadəcə beynəlxalq ictimaiyyətə və Ermənistana başa salmağa çalışırıq ki, o dövrdə zərər çəkən təkcə ermənilər olmayıb”.

Bu məsələnin ermənilər tərəfindən siyasiləşdiyini deyən səfir əlavə edib ki, müxtəlif ölkələrin siyasi dairələri vasitəsi ilə Türkiyəyə təzyiqlər göstərilməsinə çalışılır.

“Lakin Türkiyə bu məsələnin müzakirə olunmasını vacib sayır. Və biz Ermənistanı danışıqlar masasına dəvət edirik. Lakin Ermənistan bu çağırışdan boyun qaçırır. Yalnız danışıqlar və müzakirə yolu ilə bu məsələnin həllinə nail olmaq mümkündür”, - deyə İ.A.Coşqun əlavə edib.
Diaspora