Dünya şöhrətli Sergey Bakıda məşq edir

Dünya şöhrətli Sergey Bakıda məşq edir backend

Dünya şöhrətli baletmeyster Sergey Gritsay Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verib.

Teatrdan Kult.az-a verilən məlumata görə, tamaşanın xoreoqrafı, plastika üzrə məşhur rus rejissoru, dövlət mükafatı laureatı Sergey Gritsay fransız yazıçı Antuan de Sent-Ekzuperinin məşhur əsəri əsasında hazırlanan “Balaca şahzadə” tamaşasının yaradıcı heyəti ilə fərdi və kollektiv məşqlərə başlayıb.

“Azərbaycan Dövlət Musiqili Teatrında “Balaca şahzadə”nin hazırlanmasıyla bağlı təklif mənim üçün gözlənilməz oldu və tərəddüdsüz bu təklifi qəbul etdim. Çünki Azərbaycanda teatrlara, ümumilikdə mədəniyyətə necə böyük bir dövlət dəstəyinin olduğunu bilirəm. “Balaca şahzadə”nin məşqləri çox gözəl atmosferdə davam edir. Əminəm ki, yaradıcı heyət qarşıya qoyulan məqsədə çatacaq”, - Sergey Gritsay bildirib.

Qeyd edək ki, yeni səhnə əsərinin bəstəkarı ABŞ-ı təmsil edən, bir sıra beynəlxalq müsabiqələrin laureatı, həmyerlimiz Ruslan Ağababayev, quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, rejissoru əməkdar artist Nofəl Vəliyevdir.