Dünyada ən yaxşı radioelektron mübarizə sistemlərinə malik ABŞ Rusiyanın İrana tədarük etməyi planlaşdırdığı S-300 hava hücumundan müdafiə sistemlərini qabaqlaya bilər.
Bunu Trend-ə Rusiyanın müstəqil hərbi icmalçısı və analitiki, “Novaya qazeta”nın hərbi icmalçısı Pavel Felgenhauer deyib.ABŞ Prezidenti Barak Obama dünən bəyan etmişdi ki, S-300 zenit-raket sistemləri Vaşinqton üçün əngəl törətməyəcək və lazım olarsa, Birləşmiş Ştatlar onları qabaqlaya bilər. Ekspert hesab edir ki, bu bəyanatı uydurma adlandırmaq olmaz: “Çox güman ki, bu, vacib hərbi sirlərin üstünün açılmasıdır”.
Onun sözlərinə görə, radioelektron mübarizə çox məxfi hərbi sahədir: “Real döyüş olmayanadək kimin üstün olduğunu söyləmək mümkün deyil”.
P.Felgenhauer qeyd edib ki, Rusiyanın İrana hansı S-300 sistemlərini göndərəcəyi qaranlıq olaraq qalır: “Obama təfərrüatları açıqlamadı. Görünür, prezident güman edir ki, onların radioelektron mübarizə sistemləri S-300-ün öhdəsindən gələ bilər. Lakin bunu dəqiq söyləmək olmaz”.