İranda yaşayan ermənilər bu gün qondarma “soyqırımın” ildönümü ilə əlaqədar Tehranda yerləşən Türkiyə səfirliyi qarşısında aksiya keçiriblər.
Musavat.com sosial şəbəkələrdə yayılan məlumatlara əsasən bildirir ki, bir qrup erməni ənənəvi olaraq əvvəlcə bir kilsəyə toplaşaraq anım tədbiri keçiriblər. Daha sonra isə Türkiyə səfirliyi qarşısına gələrək qrup halında aksiya keçirib, qondarma “soyqırımı” əks etdirən plakatlar qaldırıblar.Güneyli azərbaycanlılar İran hökuməti tərəfindən aksiyanın azad şəkildə keçirilməsinə izn verildiyi üçün öz etirazlarını bildirib. Nəticədə bir neçə milli-mədəni fəal təhlükəsizlik məmurları tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. Hazırda onların harada saxlanıldığı məlum deyil.
Qeyd edək ki, ermənilər ənənəvi olaraq hər il Osmanlı İmperiyası tərəfindən 1915-ci ildə ermənilərə qarşı törədildiyi iddia olunan qondarma “soyqırım” ilə bağlı bir çox ölkələrdə aksiyalar keçirir, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə təbliğat işləri aparır, bu iddianın həqiqət olduğunu dünya ölkələrinə, dünyanın bütün nüfuzlu içtimai-siyasi təşkilatlarına sırımağa çalışırlar.