Gümrü şəhərindəki 102-ci hərbi bazanın rus əsgərinin qətlə yetirilməsi, Cənub Hərbi Dairəsinin məsələyə operativ reaksiyası Ermənistan rəhbərliyini ciddi şəkildə narahat edib.
Müdafiə naziri Viqen Sarkisyan 21 yaşlı əsgər Dmitri Sergeyeviç Yalpayevin öldürülməsi faktına münasibət bildirib.Qaziler.az bildirir ki, Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir.
Erməni nazir deyib ki, ölkəsi rus hərbçinin qətlinin araşdırılması ilə bağlı bütün addımları atacaq. Rus hərbçilərin qətli ilə əlaqədar növbəti faktın baş verməsindən ciddi təşviş keçirən Ermənistanın müdafiə naziri Rusiya müdafiə naziri Sergeyeviç Şoyquya teleqram vurub. Teleqramda müqaviləli əsasda 102-ci hərbi bazada xidmət keçən D.Yalpayevin ölümünə görə həmkarına, Cənub Hərbi Dairəsinin komandanlığına, 102 saylı Rusiya hərbi bazasının rəhbərliyinə və əsgərin ailə üzvlərinə başsağlığı ifadə olunub. Həmçinin cinayət işi ilə bağlı bütün zəruri tədbirlərin görüləcəyi vəd olunub.
Xatırladaq ki, D.Yalpayevin kəsilib-deşilmiş, boynunda bıçaq yaraları olan meyiti 22 aprel saat 17.30-da Gümrüdəki “Arqo” mağazasının yaxınlığında, Bulvarnı küçəsində aşkarlanıb. Qətl işi ilə bağlı cinayət işi qaldırılıb, bir neçə istiqamətlərdə ekspertizalar həyata keçirilib. Qətldən bir neçə saat sonra polis qətldə şübhəli bilinən A.Djandjuqazyanı həbs edib.