Səudiyyə Ərəbistanının başçılığı ilə “ərəb koalisiyası” Yəməndə üsyançılara qarşı hərbi-hava əməliyyatlarının başa çatdığını elan edib. Bundan sonra onun yerini siyasi-diplomatik və lazım gələrsə, hərbi tədbirlər tutacaq.
Qaziler.az Euronews-a istinadən bildirir ki, koalisiyanın rəsmi nümayəndəsi general Əhməd Əsiri bombardmanların sona yetməsinin hərbi əməliyyatların avtomatik başa çatması demək olmadığını və alyansın mümkün hərbi əməliyyatlara öz bildiyi kimi reaksiya vermək hüququnu özündə saxladığını qeyd edib. Onun sözlərinə görə, əməliyyatlar hədəflərinə yetişib, qanun qorunub və yəmənlilər indi əvvəlki kimi təhlükədə deyillər.Eyni zamanda, Taiz şəhərində “Ənsar Allah” hərəkatının tərəfdarları, husi-şiə üsyançıları ilə Prezident Abd Rabbo Mansur Hadiyə loyal qüvvələr - yerli əhalidən təşkil olunmuş könüllülərdən ibarət xalq müqavimət komitəsi arasında küçə döyüşləri qızışıb. Sonuncular üsyançıları şəhərdən çıxarmağa və “onları çıxdıqları mağaralara yenidən qovmağa” söz veriblər.
Bu arada alyans qüvvələri husilərə silah çatdırılmasının qarşısını almaq üçün Yəmənin dəniz blokadasını da gücləndirib. Aprelin 19-da ABŞ bu ölkənin sahillərinə təyyarə daşıyan “Teodor Ruzvelt” gəmisi və “Normandiya” raket kreyserini göndərib.